Logo

BMU-da “Karyera klubu”nun təqdimatı olub və təlim keçirilib

04.11.2024 16:58 125 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU “Gələcəyə dair ipucları-Karyeranın təməli” mövzusunda mütəxəssislərin iştirakı ilə tələbələr üçün təlim keçirilib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, təlimdə əvvəlcə BMU-da yeni yaradılan “Karyera klubu”nun təqdimatı olub. Universitetin Müəssisələrlə əlaqələr və karyera mərkəzinin rəhbəri Gülçöhrə İbrahimova klubun yaranmasını zəruri edən səbəblərə toxunub və əsas məqsədin karyera qurmaq istəyən gənclərin təşəbbüskarlığını artırmaq, hansı müəssisələrlə görüşmək, hansı mütəxəssislərin master-klaslarını təşkil etmək təkliflərinin tələbələrdən gəlməsini təmin etmək, başlıcası onların özünüinkişafına daha əlverişli şərait yaratmaqdan ibarət olduğunu vurğulayıb.  O, eyni zamanda universitet daxilində təşkil olunan müxtəlif təlimlər, karyera festivalları, əmək yarmarkaları və müəssisələrlə yaradılan əlaqələrdən danışıb.

“Karyera klubu”nun rəhbəri Zəhra Behbudova isə klubu peşəkar karyerasını qurmaq, öz potensialını açmaq istəyən hər bir gənc üçün uğurlu platforma adlandırıb və tələbələri burada aktiv iştiraka çağırıb.

Sonra Azərbaycan Koorporativ İş Adamları Birliyinin rəhbəri, biznes üzrə təlimçi Vəfadar Babayev biznes sahəsində karyera qurmağın yolları, uğurlu sahibkar olmaq üçün tələb edilən əsas keyfiyyətləri tələbələrin diqqətinə çatdırıb. Bildirib ki, müəyyən şəbəkələşməyə aid olmaq, burada özünü tanıda bilmək, başqa sözlə yaxşı əlaqələr qura bimək karyeranın təməli üçün vacibdir və kommunikasiya məharəti müəyyən bir sahədə özünü inkişaf etdirməkdə böyük rol oynayır.

Digər təlimçi, “Zidd” kitabının müəllifi, marketinq üzrə mütəxəssis Orxan Şahbazov da karyera yolunda ilk addımı atmağın və məqsədə necə çatmağın yollarından bəhs edib. O, cəmiyyətdə qəlibləşmiş düşüncələri, hələ də davam edən bir sıra köhnə stereotipləri gənclərin karyerasının möhkəm təməli üçün əngəl sayaraq, tələbələri bilik və bacarıqlarını artırmağa və özgüvən hissi ilə karyera xəritələrini indidən müəyyənləşdirməyə səsləyib.

Təlim sual-cavab sessiyası ilə davam edib.

Xəbər lenti