Noyabrın 4-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADPU THİK) təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Qələbə Ruhunu Yaşat!” mövzusunda bədii tədbir keçirilib.
Tədbirdən öncə Pedaqoji Universitetin rəhbərliyi, eləcə də ADPU-nun 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə şəhid olan tələbə və məzunlarının bir qisminin ailə üzvləri universitetin foyesində şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə yaradılmış “Zəfər guşə”sini ziyarət edərək şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, abidə önünə tər çiçəklər qoyublar. Ardınca “Zəfər stendi” və ADPU-nun Heydər Əliyev muzeyi ziyarət olunub.
Universitet rəhbərliyi və müvafiq struktur rəhbərləri, şəhid tələbə və məzunların ailə üzvləri, qazilər və tələbələrin iştirak etdiyi tədbiri giriş sözü ilə açan ADPU THİK sədri Cəmilə Qurbanova qarşıdan gələn Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Tədbirdə iştirak edən şəhid ailələrinə iştirakları üçün minnətdarlığını bildirən C.Qurbanova şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşadığını qeyd edib. Möhtəşəm qələbəmizi, ərazi bütövlüyümüz, suverenliyimiz və sabitliyimizi ilk nöbbədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında olan rəşadətli Azərbaycan Orusuna, qəhrəman şəhid və qazilərimizə borclu olduğumuzu qeyd edən ADPU THİK sədri tələbə-gəncləri tarixi unutmamağa, qalib xalqın gəncliyi olaraq üzərlərinə düşən məsuliyyəti dərk edərək XXI əsrin rəqəmsal dünyasında öz vətəndaş mövqelərini ortaya qoymağa səsləyib.
Tədbirin bədii hissəsində tələbələr tərəfindən hazırlanmış vətənpərvərlik ruhundakı milli musiqi və rəqs nömrələri nümayiş olunub, müxtəlif tarixi qəhrəmanlıq səhnələri və kompozisiyalar təqdim edilib.
Daha sonra Vətən müharibəsində şəhid olan ADPU-nun tələbə və məzunlarına həsr edilmiş videoçarx nümayiş etdirilib.
Tədbirin yekununda ADPU-nun rektoru professor Cəfər Cəfərov vətənpərvərlik ruhunun təbliğinə yönəlmiş tədbirin təşkilində əməyi olan tələbələrə təşəkkürünü bildirib, şəhid yaxınları və qazilərə zaman ayıraraq tədbirdə iştirak etdikləri üçün təşəkkür edib. Rektor Pedaqoji Universitet adından hazırlanmış gül dəstələrini şəhid yaxınlarına təqdim edib.
Sonda xatirə fotosu çəkdirilib.