Logo

“İrəvan kişi gimnaziyası və onun azərbaycanlı məzunları ” əsərinin təqdimatı olub

05.11.2024 13:48 113 baxış
IMG

Noyabrın 4-də Qərbi Azərbaycan İcmasında (QAİ) Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, pedaqoji elmlər doktoru, professor, ADPU-nun kafedra müdiri Fərrux Rüstəmovun müəllifi olduğu “İrəvan kişi gimnaziyası və onun azərbaycanlı məzunları ” kitabının təqdimatı olub.

Təqdimat mərasimində çıxış edən QAİ-nin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycana aid kitabların, nəşrlərin İcmada təqdim olunmasının artıq ənənə halını aldığını deyib.

Kitabın ön sözünün müəllifi, İcmanın Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov çıxış edərək vurğulayıb ki, tarixi yaşatmaq və yazmaq baxımından bu kitab mühüm əhəmiyyətə malikdir.

İcmanın Ağsaqqallar Şurasının üzvü, Çəmbərək rayon İcmasının sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, iqtisad elmləri doktoru, professor, Əməkdar müəllim Əvəz Ələkbərov, ADPU-nun rektoru professor Cəfər Cəfərov, kitabın rəyçisi, filologiya elmlər doktoru, professor Yaqub Babayev, İcmanın Ziyalılar Şurasının üzvü, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, akademik, Əməkdar elm xadimi Nizami Cəfərov çıxışlarında kitabın Qərbi Azərbaycan irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımdan əhəmiyyətini vurğulayıblar.

Sonda çıxış edən kitabın müəllifi Fərrux Rüstəmov İcmanın rəhbərliyi və konfrans iştirakçılarına minnətdarlığını bildirmiş, bu kitabı məhz Prezident İlham Əliyevin Sərəncamından və onun elmə-təhsilə yüksək qayğısından ilham alaraq alim-vətəndaş borcunu yerinə yetirmək amalı ilə ərsəyə gətirdiyini vurğulamışdır. Müəllif bu cür tədqiqatların bütöv Azərbaycan ideologiyasının elmi-obyektiv bazasının genişləndirilməsində çox vacib olduğunu xüsusi qeyd etmişdir.

Qeyd edək ki, kitabda XIX əsrin 30-cu illərindən XX əsrin əvvəllərinə kimi İrəvanda demokratik təhsil mühitinin formalaşdırılmasında əhəmiyyətli rol oynamış qəza məktəbi və progimnaziya haqqında dolğun məlumat verilmiş, kişi gimnaziyasının təşəkkülü və inkişafını şərtləndirən amillər təhlil edilmiş, orta təhsilin məzmununun inkişaf tendensiyaları müəyyənləşdirilmiş, İrəvan quberniyasında yaşayan azərbaycanlıların Rusiya və Avropa universitetlərinə çıxışını təmin edən gimnaziyanın Pedaqoji Şurası, şagird kontingenti, pansionu, kitabxanası, fizika kabineti, direktorları, məzunları və Azərbaycan dili və şəriət müəllimləri haqqında ətraflı məlumat verilmişdir.Kitab təhsil tarixçiləri, tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Kitabın ideya müəllifi Sənətşünaslıq üzrə elmlər doktoru, professor Ədalət Vəliyev, elmi redaktoru QAİ İH-nin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərlidir.

 

Xəbər lenti