Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutu arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Universitetdən Tehsil.biz-ə bildirilib ki, memorandumda arxeologiya, antropologiya, tarix və mədəni irsin öyrənilməsi sahəsində birgə elmi tədqiqatlar aparması, təhsilalan və tədqiqatçılar üçün sahə işləri, laboratoriya təcrübələri və elmi araşdırmalarda iştirak imkanlarının yaradılması, müştərək təlimlərin təşkil olunması nəzərdə tutulur.
Sənəddə BDU tələbələrinin arxeoloji qazıntı sahələrində praktika, institutun mütəxəssislərinin isə universitetdə dərslər keçməsi, arxeologiya və antropologiyanın müasir problemlərinə həsr olunmuş ortaq seminar və konfransların təşkili, tərəflərin birgə beynəlxalq layihələrə və tədqiqat proqramlarına qoşulması, müvafiq xarici qurumlarla əlaqələrin genişləndirilməsi məsələləri də əks olunub.
Memorandumu BDU-nun rektoru Elçin Babayev və AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev imzalayıblar.