2 və 3 noyabr tarixlərində Azərbaycan fransız dili müəllimləri Assosiasiyasının (APFAZ) təşkilatçılığı, İtalyan dili Elm və İncəsənət mərkəzinin dəstəyi ilə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının baş müəllimi Jalə Salmanova tərəfindən fransız dili müəllimləri üçün “Fransız dilinin xarici dil kimi tədrisində mediasiya tapşırıqları” mövzusunda təlim keçirilib.
Təlimdə 50-dən çox məktəb və universitet müəllimi iştirak edib.
Jalə Salmanova Belçika Krallığının Lüvən Katolik Universitetində uğurla başa vurduğu təlim kursunun nəticəsi olaraq əldə etdiyi metodiki bilikləri Azərbaycanda məktəb və universitetlərdə fəaliyyət göstərən fransız dili müəllimləri ilə bölüşüb.
Təlimin sonunda iştirakçılar sertifikatla təltif olunublar.
Qeyd edək ki, ADU-nun Xarici dillərin tədrisi metodikası kafedrasının baş müəllimi Jalə Salmanova 29.07.2023-16.08.2023 tarixlərində Belçika Krallığının Lüvən Katolik Universitetində fransız dili müəllimləri üçün təşkil olunmuş yay təlim kurslarında (CEDEFLES) iştirak edib. Təlim zamanı, dünyanın müxtəlif universitetlərində iştirak edən müəllimlər xarici dilin tədrisində tətbiq olunan müasir metod və üsulların tətbiqi və müasir təlim texnologiyalarından dil dərslərində səmərəli şəkildə istifadə qaydaları ilə tanış olublar.