Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi (MSXƏEBM) ilə Rusiyanın Bərpa üzrə Dövlət Elmi-Tədqiqat İnstitutu (QosNİİR) arasında əməkdaşlıq davam edir.
Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova və direktor müavini İranə Allahverdiyeva bu əməkdaşlıq çərçivəsində bağlanmış sazişi yeniləmək, habelə QosNİİR-in dəvəti ilə 30-31 oktyabr tarixlərində keçirilən və institutun Dəzgah tempera boyakarlığının elmi bərpası şöbəsinin 65 illik yubileyinə həsr olunan “XXI Lelekov mühazirələri”nə qatılmaq üçün Moskvaya səfər ediblər.
Mərkəzlə QosNİİR arasında qarşılıqlı mübadilə və əməkdaşlıq barəsində saziş yenilənərək imzalanıb.
Mərkəzin direktoru Zərifə Məlikova “XXI Lelekov mühazirələri”ndə “Ağac heykəllərin bərpasında MSXƏEBM-in rolu” adlı təqdimatla, İranə Allahverdiyeva isə “MSXƏEBM-də bərpa olunan ikonaların tədqiqi problemləri” adlı məruzə ilə çıxış ediblər.
Tədbir zamanı Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, Moskva şəhərinin fəxri bərpaçısı, rəssam, akademik O.V.Yaxontun “Bədii və elmi yaradıcılığın səhifələri” ikicildliyinin təqdimatı olub. Kitab müəllif tərəfindən Azərbaycan nümayəndələrinə təqdim edilib.