Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tabeliyindəki təhsil müəssisələrində gözətçi və xadimə işləyənlərin maaşlarından pul tutulması ilə bağlı bəzi sosial şəbəkə hesablarında yayılan məlumatara aydınlıq gətirib.
Nazirlikdən bildirilib ki, bəzi sosial şəbəkə hesablarında Naxçıvan MR ümumi təhsil müəssisələrində gözətçi və xadimə işləyənlərin hər birinin aylıq maaşından 150 manat pul tutulması və məcburi tutulan bu pulların Qarabağ Dirçəliş Fonduna köçürüləcəyi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
Qeyd edilib ki, bu məlumatlar həqiqəti əks etdirmir: “Nazirliyə tabe olan təhsil müəssisələrində çalışan gözətçi və xadimələrin əməkhaqlarından qanunda nəzərdə tutulan vergi və sosial tutulmalardan başqa heç bir vəsait tutulmayıb və hər hansı bir işçiyə bu tələb qoyulmayıb. Yayılan məlumatlar dezinformasiya xaraterlidir.
Məlumatda adları çəkilən şəxslərin də heç biri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində çalışmırlar. Bu tipli məlumatlar cəmiyyətə çaşqınlıq yaratmağa xidmət edir”.
Qurumdan, həmçinin bildirilib ki, Naxçıvan MR Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində çalışan gözətçi və xadimələrin əməkhaqlarından qanunda nəzərdə tutulan vergi və sosial tutulmalardan əlavə vəsait tutulursa, nazirliyin 146-1-10 Çağrı Mərkəzinə müraciət edə bilərlər.