Logo

AMEA-da Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri ilə görüş keçirilib

06.11.2024 22:08 129 baxış
IMG

Noyabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli dünya dini liderlərinin qlobal Bakı Sammiti çərçivəsində ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri, müfti şeyx professor Ravil Qaynutdin, sədrin birinci müavini professor Damir Muxetdinov, qurumun Azərbaycan üzrə xüsusi nümayəndəsi Səfa Kərimov və idarənin əməkdaşları ilə görüşüb.

Akademiyadan Tehsil.biz-ə bildirilib ki, görüşdə çıxış edən akademik İsa Həbibbəyli Azərbaycan-Rusiya əlaqələrindən danışıb, iqtisadi, siyasi, ədəbi-mədəni sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. AMEA ilə Rusiya Elmlər Akademiyası (REA) arasında da əlaqələrin yüksək səviyyədə olduğunu deyən akademik İsa Həbibbəyli 2021-ci ildə akademiyalar arasında əməkdaşlıq müqaviləsinin imzalandığını, 2023-cü ildə həmin sənədin yenilənərək yeni yol xəritəsinin müəyyənləşdirildiyini söyləyib. Akademik İsa Həbibbəyli AMEA-nın elmi müəssisələrinin REA-nın institutları ilə geniş əlaqələri olduğunu, birgə konfransların keçirildiyini, nəşrlərin işıq üzü gördüyünü vurğulayıb.

AMEA rəhbəri, həmçinin Arxeologiya və Antropologiya İnstitutu ilə Tatarıstan Elmlər Akademiyasının Arxeologiya İnstitutunun birgə yay məktəbi təşkil edəcəyini söyləyib.

Akademik İsa Həbibbəyli həmmüəllifliyi ilə işıq üzü görmüş “Qabdulla Tukay və Azərbaycan” kitabını qonaqlara təqdim edərək bildirib ki, əsər tatar ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair, publisist, tərcüməçi, ictimai xadim Qabdulla Tukayın Azərbaycan mətbuatı və ədəbiyyatı ilə əlaqələri, ədəbi irsinin ölkəmizdə nəşri və tədqiqi məsələlərindən bəhs edir. O, Nəriman Nərimanovla Qabdulla Tukayın sıx dostluq əlaqələrinə də toxunub.

Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri professor Ravil Qaynutdin Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev ilə şəxsi görüşlərindən bəhs edib. Qonaq Azərbaycan xalqının öz tarixi torpaqlarını işğaldan azad etməsi ilə qürur duyduğunu dilə gətirib. Əlavə edib ki, COP29 tədbirinin Azərbaycanda keçirilməsi ölkə liderinin və xalqının beynəlxalq arenadakı mövqeyini bir daha nümayiş etdirir.

Azərbaycan və tatar xalqlarının tarixi və mədəni əlaqələri haqqında bəhs edən Ravil Qaynutdin Bakı milyonçusu və mesenatı Şəmsi Əsədullayevin Moskvada yerləşən evi haqqında danışıb, 1917-ci ilin mayında məhz bu evdə Ümumrusiya müsəlmanları qurultayının keçirildiyini vurğulayıb.

Qonaq, həmçinin akademik İsa Həbibbəylinin AMEA ilə REA, xüsusilə Tatarıstan Elmlər Akademiyası arasında əlaqələrin inkişafına verdiyi töhfələri vurğulayıb.

Daha sonra çıxış edən Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru professor Damir Muxetdinov iki qardaş xalqın oxşar cəhətlərindən, tarixi və mənəvi bağlılığından bəhs edib. Mirzə Cəfər Topçubaşov və Mirzə Kazım bəyin Rusiya şərqşünaslığının əsasının qoyulması və inkişafında misilsiz xidmətlərindən danışan qonaq XX əsrin əvvəllərində Rusiya İmperiyasının Dövlət Dumasının Müsəlman fraksiyasının məhz azərbaycanlı ziyalı Əlimərdan bəy Topçubaşovun sədrliyi ilə formalaşdığını vurğulayıb.

Xəbər lenti