Logo

Təhsil naziri Ağcabədi, Beyləqan və İmişli rayon sakinlərini videobağlantı ilə qəbul edəcək

22.04.2021 10:25 586 baxış
IMG

Təhsil naziri Emin Əmrullayev 29 aprel 2021-ci il saat 15:00-da Ağcabədi, Beyləqan və İmişli rayon sakinlərini videobağlantı vasitəsilə qəbul edəcək. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

 

Qeyd olunan rayon sakinləri 22-27 aprel (saat 18:00-dək) 2021-ci il tarixlərində Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-1 nömrəli telefonuna zəng etməklə və ya nazirliyin rəsmi saytı (https://edu.gov.az/contact_us) vasitəsilə elektron müraciət edərək videoqəbula yazıla bilərlər.

 

Videoqəbulun təşkil edilməsində əsas məqsəd vətəndaşların Təhsil Nazirliyinə müraciət imkanlarını müasir texnologiyalardan istifadə etməklə genişləndirmək, regionlarda yaşayanlara nazirliyin inzibati binasına gəlmədən vəzifəli şəxslərlə videobağlantı vasitəsilə birbaşa əlaqə imkanının yaradılmasıdır.

 

Vətəndaşlar videoqəbulun keçirildiyi otağa qəbula yazılanlar siyahısı və şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılacaqlar. Qəbulun keçirildiyi yerdə müvafiq sanitariya-gigiyena normalarına əməl olunmalıdır. Videoqəbulda bir müraciətlə bağlı eyni vaxtda birdən artıq şəxsin iştirakına icazə verilmir.

 

Videoqəbulda vətəndaşın müraciəti ilə bağlı lazımi sənədlərin təqdim edilməsi zərurəti yarandıqda, ona həmin sənədləri birbaşa qəbulun keçirildiyi qurumun səlahiyyətli işçisinə və ya elektron formada təqdim etmək imkanı yaradılacaq. Həmin sənədlər araşdırılması üçün Təhsil Nazirliyinə yönləndiriləcək.

 

Araşdırma tələb edən müraciətlərin cavablandırılması vətəndaşın qeyd etdiyi elektron ünvan vasitəsilə elektron formada, yaxud müraciət edənin xahişinə əsasən poçt ünvanı ilə yazılı və ya əlaqə telefonu vasitəsilə şifahi qaydada həyata keçiriləcək.

Xəbər lenti