Logo

GDU-da Zəfər Günü qeyd olunub

07.11.2024 15:58 36 baxış
IMG

8 Noyabr - Zəfər Günü münasibətilə Gəncə Dövlət Universitetində (GDU) “Qarabağ Azərbaycandır!” adlı tədbir keçirilib.

Universitetdən TƏHSİL.BİZ-ın bölgə müxbirinə verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə ali təhsil ocağının foyesində Ümummilli Lider Heydər Əliyevin büstünün və şəhidlərə həsr edilmiş Xatirə guşəsinin önünə gül düzüblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov 8 Noyabr - Zəfər Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Qələbədən, qəhrəman oğullarımızın döyüşlərdə göstərdiyi şücaətdən və xalqımızın həmrəyliyindən danışıb. Rektor qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycanın iftixar və qürur mənbəyinə çevrilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında vurğulayıb ki, Vətən müharibəsi dövründə Gəncə çətin günlər yaşasa da, raket atəşi nəticəsində mülki əhali arasında şəhidlər olsa da şəhər sakinləri heç nədən qorxmadılar və həmrəylik nümayiş etdirərək Prezident İlham Əliyevin ətrafında sıx birləşdilər.

Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş konsulu Recep Öztop bildirib ki, Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir. Vətən müharibəsi də bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi.

Tədbirdə çıxış edən YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov ordumuzun cəmi 44 gün ərzində ən müasir döyüş silahlarını tətbiq etməklə yüksək peşəkarlıq nümayiş etdirdiyini deyib.

GDU-nun məzunu, şəhid Rəşad Məmmədovun anası Rəfiqə Süleymanova, şəhid Vidadi İsrafilovun atası Vaqif İsrafilov, şəhid Kərəm Həsənovun həyat yoldaşı Nərmin Həsənova və Vətən müharibəsi iştirakçısı Orxan Əliyev ölkəmizin şanlı tarixinə qəhrəmanlıq səhifələri yazan qorxmaz igidlərdən qürurla danışıblar. Çıxış edənlər şəhid ailə üzvlərinə, müharibə iştirakçılarına, qazilərə göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Həmçinin GDU-da yüksək ixtisaslı kadr hazırlığı ilə yanaşı, gənclərin vətənpərvər ruhda yetişdirilməsinə önəm verən, daim qazi və şəhid ailələrinin yanında olan universitet rəhbərliyinə təşəkkür ediblər.

Zəfər Gününə həsr edilən tədbir Musiqi kafedrasının tələbələrinin hazırladığı ədəbi-bədii proqramla davam edib.

 

 


 

Xəbər lenti