ADPU-nun Quba filialının Azərbaycan-Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzində filialın gənc müəllimləri üçün “COP29-un qarşıya qoyduğu vəzifələr Quba filialının gənc müəllimləri üçün prioritetdir” mövzusunda toplantı keçirilib.
Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, giriş sözü ilə çıxış edən ADPU-nun Quba filialının direktoru fizika elmləri doktoru Yusif Alıyev Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xatırladaraq, Azərbaycanın təhsil strategiyası, eyni zamanda “Yaşıl dünyada yaşıl təhsil” anlayışının qarşıya qoyduğu vəzifələrdən danışıb.
Direktor bildirib ki, Quba filialının pedaqoji kollektivi, o cümlədən gənc müəllimlər COP29 sessiyasının qərarlarının dünya birliyinə düzgün çatdırılmasında, qlobal əhəmiyyətli məsələnin təhlilində fəal tərəfə çevrilməlidir. Y.Alıyev qeyd edib ki, bu strateji məqsədli prosesdə gənc müəllimlərə böyük ümid bəslənilir və onların üstünə ağır və şərəfli məsuliyyət düşür. Azərbaycan cəmiyyətində avanqard qüvvə olan gənclərin filialda da aparıcı gücə malik olduğunu diqqətə çatdıran direktor gənc müəllimlərin elmi yaradıcılığının real vəziyyəti ilə yaxından tanış olub və tövsiyələrini verib.
Görüşün davamında filialın pedaqoqları – Pərvanə Rzayeva, Təhminə Əliyeva, Sabir Hacıyev (Şahtaxtı), Humanitar elmləri fakültəsinin dekanı səlahiyyətlərinin müvəqqəti icraçısı Mürvət Əliyev, Baş müəllimlər - Seyid Cabbarov, Sərxan Cəfərov və başqaları gündəlikdə duran məsələlərlə bağlı çıxış ediblər.
COP29-u əhatə edən aktual mövzular ətrafında elmi yaradıcılıq imkanları, beynəlxalq indeksli jurnallarda məqalələrin dərc olunması, həmçinin beynəlxalq konfranslarda çıxışlar zamanı COP29-un qarşıya qoyduğu vəzifələrə toxunulması ətrafında fikir mübadiləsinin aparıldığı görüşün sonunda filialda təhsilin ümumi vəziyyətinin yüksəldilməsində gənc müəllimlərin imkanlarından daha səmərəli istifadə edilməsi məsələləri, o cümlədən filialın ev sahibliyi ilə keçirilən tədbirlərdə onların fəallığının təmin olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.