Logo

BDU tələbələri Yer səthinin məsafədən müşahidəsi ilə bağlı layihələr hazırlayıblar

28.11.2024 14:31 142 baxış
IMG

Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin magistrantı İmran Bayramov və IV kurs tələbəsi Sona Paşayeva Yer səthinin məsafədən müşahidəsi ilə bağlı layihələr hazırlayıblar.

BDU-dab TƏHSİL.BİZ -ə bildirilib ki, İmran Bayramovun layihəsində “Sərsəng su anbarı və ətraf ərazilərində təbii-ekoloji şəraitin məskunlaşma prosesinə və təsərrüfatın inkişaf imkanlarına təsiri” tədqiq edilib. Layihə çərçivəsində Sərsəng su anbarının əsas hidroekoloji, geomorfoloji və ekocoğrafi parametrləri hesablanıb, təhlil olunub və beynəlxalq qiymətləndirmə meyarları ilə uyğunlaşdırılıb. Layihənin ərsəyə gəlməsində “Google Earth Pro”, “Google My Map”, “QGis" və digər xəritələrin CİS mühitində emalı alətlərindən istifadə olunub. Layihə çərçivəsində “Azərkosmos”un 2017-ci il, 2020-ci il və 2023-cü illərə aid təqdim etdiyi peyk təsvirləri ilə yanaşı, digər peyklərin (“Sentinel”, “Landsat” və b.) təsvirlərindən də istifadə edilib. Aparılmış tədqiqatlar nəticəsində Sərsəng su anbarının ətraf ərazilərinin təbii şəraiti ilə yanaşı, həm də ölkənin qərb rayonları ilə nəqliyyat-kommunikasiya perspektivlərinin geniş olduğu müəyyənləşdirilib. Layihə çərçivəsində Sərsəng su anbarı üçün sahil ekosistemlərini idarəetmə planı da hazırlanıb.

Sona Paşayeva isə layihəsində ekoloji və rekreasiya təyinatlı yaşıllıqların şəhərlərin dayanıqlı inkişafına təsirini tədqiq (Xaçmaz inzibati rayonu timsalında) edib. Layihədə Xaçmaz şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair “Xaçmaz şəhərinin Baş planı” çərçivəsində şəhərin inkişaf zonasına daxil olan ərazilərdə mövcud və yaradılması nəzərdə tutulan infrastruktur təhlil olunub. Şəhər ekosisteminin davamlılığı naminə ekoloji və rekreasiya təyinatlı yaşıllıqların sayının artırılmasına dair konkret təkliflər hazırlanıb. Layihədə Xaçmazın yaşıllıqlarla əhatə olunması üzrə beynəlxalq müqayisələr də aparılıb və dayanıqlı şəhər idarəetmə multimodeli təklif olunub.

Xatırladaq ki, bu layihələr Azərbaycan Respublikasının Kosmik Agentliyinin (“Azərkosmos”) təşkil etdiyi “Yer səthinin məsafədən müşahidəsi” müsabiqəsinin finalında 52 layihə arasında da yer almışdı.

 

Xəbər lenti