Dekabrın 1-də beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə imtahan təşkil olunacaq. İmtahanda iştirak etmək üçün 93 nəfər qeydiyyatdan keçib.
Bu barədə TƏHSİL.BİZ -ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, imtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) keçiriləcək. İmtahan saat 16:00-da başlanacaq.
Namizədlər imtahana buraxılış vərəqəsini DİM-in saytından çap edə bilərlər. İştirakçılar buraxılış vərəqəsində göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.
İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış ola biləcəklər.
Namizədlər imtahana buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.
Bir saat davam edəcək imtahanda iştirakçılara peşəkarlıq səriştələrinə dair 25 test tapşırığı təqdim edilir. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 15 və daha çox bal toplamış sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamə təqdim ediləcək.