Logo

Müasir təhsil sistemimiz

01.12.2024 21:55 70 baxış
IMG

Düzü, topiki necə adlandırım bilmədim, naəlac qalıb, məhz bu cür «Müasir təhsil sistemimiz» adlandırdım. Daha nə yazmaq olar? Müasir tupoylaşma sistemi deyə bilməzdim ki? 90- cı illərdə, bəlkə daha əvvəl də olmuşdu( mən bu dönəmi xatırlayıram) məktəblərimizdə, eləcə Universitetlərimizdə müəllimə «hörmət etmək» dəbi yayılanda, bunun müasir texnika, internet, komputer və s kimi inkişaf edəcəyi heç ağlıma gəlməzdi. Yadımdadı 96-98 -ci illər idi, sinifdə uşaqlarla yığışıb, sevinə- sevinə keçmiş «Baksovet», indiki "İçəri şəhər" metrosunin qarşısında gül köşkü vardı, ora müəllimimiz üçün gül almağa yollandıq, həvəslə, uşaq saflığı, məsumluğu ilə müəllimimizi bayram münasibəti ilə təbrik etməyə tələsirdik. Nə başınızı yorum gül buketini sinfə gətirdik, bir-birimizin üzünə baxa- baxa ki, indi müəllimimizi sevindirəcəyik, müəllim heç başını qaldırmadı, biz də ürəyimizə pis heç nə gətirmədik.
Zəng vuruldu, oturduq, üzümüzdən təbəssüm getməmişdi, biz əmin idik ki, müəllim mütləq gül dəstəsini görüb bizə təşəkkür edəcək. Lakin  Allah müəllimimizin canını sağ və salamat etsin, belə olmadı. Təşəkkür əvəzinə, irad, acıq və hirs gördük. Əlbəttə bu təbii idi. Niyə? Çünki biz onu təbrik yox, təhqir etmişdik. Müəllimə gül vermək «Sovet dövrü»də qaldı. Onun sözlərinə görə bu saymamazlıqdı, biz ona qiymət vermədik və s. Gül buketini də geri qaytardı. Düzü, indi də anlaya bilmədim saymamazlıq deyəndə nəyi nəzərdə tuturdu o vaxt müəllimimiz, lakin dəqiq yadımda idi ki, məyus olmuşduq, hətta o dərsdən sonra riyaziyyat fənni idi, hamımız zəif iştirak etdik, fikrimizi bir yerə yığıb misalı həll edə bilməmişdik, təəssürat öz sözünü demişdi çünki.

Nə isə, demək istədiyim bu deyil, daha doğrusu uşaqlıq xatirələrimi bölüşmək deyil məqsədim, o vaxt bu hadisənin indiki kimi modelləşəcəyini, inkişaf edəcəyini düşünməzdim. O vaxt bir gül dəstəsi timsalında rüşeymi qoyulurdu indiki təhsilimizin. Artıq o vaxtdan müəllimlər valideyndən «diqqət» gözləməyə başlayırdılar. Yavaş — yavaş «müəllimə hörmət» anlayışı ayaq açmağa başladı ki, indi bu müəllimdən asılılığa çevrilib. Müəllimə pul verilməsə, başqa sözlə «hörmət edilməsə» o, yaxşı dərs keçmir və yaxud elə alınır ki, proqram həddən ziyadə çətin və dözülməz olduğundan əlavə məşğələlərə ehtiyac qalır. Bunun üçün yenə müəyyən məbləğ müəllimə verilməlidi ki, bu çətinliyi 45 dəqiqə dərs ərzində aradan qaldırmadığı üçün əlavə məşğələlərdə asanlıqla həll etsin. Çox asan və məntiqli yanaşma.  Asılı insan kimə gərəkdi görəsən? Məncə hər şeyin özülü elə uşalıqdan qoyulur. Uşaqlıqda anadan, məktəbdə müəllimdən asılılıq hissindən yeniyetməlik və ya gənclikdə  qurtula biləcəkmi? İndiki uşaqlar müəllim və valideynin köməyi olmadan dərslərini oxuya bilmir. Kiçik problemini həll edə bilməyən balacalar, böyüdükdə nə edəcəklər böyük problemlərin caynağında.

Dediklərim subyektiv fikrim olsa aktualdı. Belə bir fikir səslənir «Yalnız bizdə müəllimə pul verilir ki, dərs keçməsin» — mənsə bu fikrə qarşılıq kimi «Yalnız bizdə müəllimlik hörmətdən düşmüş ixtisas» sayılır deyərdim. Müəllimin maaşı yaxşı olsa, müəllim kimdənsə hansısa məqsədlər üçün pul almaz, bu bir. İkincisi, müəllimin maaşı yaxşı olsa, elə dərs keçər ki, dərslər bitəndən sonra bir dincələr, yoxsa artıq pul almaq üçün əlavə məşğələlər keçib beynini yormaz. 

Biri məktəbə 1 -i sinfə gedir. Yaxınlaşıb təbrik edirsən: “ Ay maaşallah, o gün olsun uğurla bitirsin məktəbi… “ cümləni bitirməmiş valideyn qayıdıb deyir ki, bəs, bu kurikulum nədi, yaman çətindi, 50 manat müəllimə pul vermişəm, dərsdən sonra uşaqla məşğul olur. Deyirəm, axı bu gün sentyabrın 18-i deyil, üç gündür gedirsiniz məktəbə, nə xəbərdi? Valideynin sifəti təəccübdən elə hala qaldı ki,  dedim yəqin elə söz dedim day axırımdı, nəsə səhv buraxdım, indi təcili yardım çağırım, yoxsa işlər fırıqdı. Yox, sonra gördüm, mən səhv heç nə deməmişəm, sadəcə təhsilimizin necə inkişaf etdiyindən, mürəkkəbləşdiyindən, müasir tələblərə necə cavab verdiyindən xəbərim yox imiş. Müəllimsiz olmaz. Allah bu müəllimlərimizi qorusun, yoxsa bu kurikulumla baş edə bilməzdik. Nə qədər soruşdum ki, bəs belə niyə tez hələ ilk addımlarınızı atırsınız bu məktəbdə, dedi nə addım indi qaça-qaça oxuyurlar addım -addım yox. Bəs uşaq məktəbə hazır getməlidi 5 yaşında alim olmalıdı ki məktəbə götürsünlər. Bir rəqabət var ki, gəl görəsən, nə bilmişdin komputer əsridi, hələ ingilis dilini də bağçada öyrənməlidi ki, məktəbdə asan olsun. Düzü şoka düşdüm. Dəqiq yadımdadı, bizlər 5-ci sinifdə öyrənməyə başladıq bu fənni, hələ də ingilis dili müəllimimi yadıma salanda üzümə təbəssüm qonur, onun öyrətdiklərini heç vaxt unutmaram, əziyyəti çox olub üstümüzdə. Nə isə. Qaldım mat-məəttəl. O qədər komputer, kurikulum sözünü işlətdi, qaldım dinləyici mövqeyində. Onun sözlərindən ancaq bunu anladım ki, bəs elm, təhsil o qədər inkişaf edib ki, onunla ayaqlaşmaq qeyri — mümkündü. 

 Mənisə ancaq bu düşündürdü — sərbəstlik, özünəgüvən hissi. Bizim təhsilimiz bunu nəzərə almırmı? Əgər uşaq məktəbdən gəlib, özü sərbəst şəkildə dərslərini hazırlaya bilmirsə, müəllimin, valideynin köməyi olmadan, biz hansı nəsli yetişdiririk? Daima başqasından asılı olan fərdi? Şəxsiyyət deməyə dilim varmadı çünki. Uşaq məktəbdən gəlib, ağır beyin fəaliyyətindən sonra bir -iki saat dincəlməli, sonra özü sərbəst şəkildə dərslərinə hazırlaşmalıdı. İndi isə ağır proqramı bəhanə gətirərək, üstəlik məktəbdə 45 dəqiqə azdı deyə müəllimin dərsi hamıya kifayət qədər çatdırmadığını düşünərək, dərsdən sonra uşaq dincəlmək əvəzinə məktəbdə qalıb, müəllimlə əlavə dərs çalışır. Bu nə dərəcədə düzgündü? Kor- koranə nəyisə tətbiq edirik ki, kimlərdənsə geri qalmayaq, lakin bunların fəsadlarını düşünmürük. Biri o birinə indidən uşağıma bunu öyrədim deyəndə, başqa biri:” Eee neynirsən müəllim tutacaqsan öyrədəcək də" -deyə cavab verir. Bu qanunauyğunluq sayılır. Müəllim tutulmursa olmaz, uşaq geri qalır. Mənə elə gəlir, müəllim tutulur ki,    kimdənsə geri qalmayasan, o tutdu, mən qaldım düşüncəsi ilə. Heç kimi bilik qazanmaq maraqlandırmır. Nə müəllim, bu şagird tupoylaşır deyə narahatlıq keçirmir, onu aylıq pul maraqlandırır, nə valideyn, onu qonşudan geri qalmaq qorxusu daha çox məşğul edir, uşaq da ki, tənbəlləşir. Yerinə dərs oxuyurlar da, daha doğrusu pul verirlər. məsuliyyət hissi ölür, daim nəzarətdə yaşamağa öyrənir.

Bir şeyi anlamıram, müəllim dərsini keyfiyyətlə keçsə, uşaq da dərsi qavrayar daha nə müəllim, nə də valideyn köməyi ona gərəkməz. Hər kəsin gözünü pul örtüb, burasını anlamaq istəmirlər ki, özümüzü hansı uçuruma aparırıq. 45 dəqiqə az ola bilməz, səmərəli istifadə olunsa.  

Allah axırımızı xeyir eləsin, bu qədər əziyyət çəkirik, həm valideynlər, həm müəllimlər, həm uşaqlar. Müəllim ona görə ki, pul da alsa o qədər zəhmətdən canı düşür, valideyn qazandığını aylıq müəllim puluna verir, uşaq da ki, nə oxuduğunu bilir, nə də öyrəndiyini. Heç olmasa bəhrəsini görək. Məncə isə, bu qədər əziyyət beyini inkişafa yox, kütləşdirməyə çəkilir. Zamanla ayaqlaşmaq üçün bizə özünəgüvənən, savadlı, müstəqil, açıqfikirli şəxsiyyətlər lazımdı, daha asılı, məqsədsiz, beyni yorulmuş fərdlər yox.

 Müəllif: Zeynalova Vüsalə. M

Xəbər lenti