Logo

Yuxu və dərs

01.12.2024 23:51 142 baxış
IMG

Təhsil sahəsində araşdırmalar aparan beynəlxalq ekspertlər qrupunun gəldiyi rəyə əsasən, yuxu çatışmazlığı şagirdlərin məktəbdə geriləməsinin əsas səbəblərindən biridir.

Yuxu ekspertləri problemi məktəblilərin hətta yataqda olarkən belə mobil telefon və kompüterdən istifadə etmələrilə bağlayırlar.

Alimlər şagirdlərin riyaziyyat, ədəbiyyat və fiziki tərbiyə üzrə nailiyyətlərini, həmçinin onların neçə saat yatmalarını təhlil ediblər.

Daha az yatan uşaqların daha aşağı, yuxusu normasında olan uşaqların isə daha yükcək nailiyyətlər əldə etdiyi məlum olub.

Eyni zamanda yuxu sahəsində ekspertlər bildirirlər ki, yatmazdan öncə mobil telefon və kompüterlərdən istifadə edilməsi yuxunun keyfiyyətini və gümrahlıq dərəcəsini xeyli aşağı salır.

Yuxu çatışmazlığı o dərəcədə ciddi problemə çevrilib ki, araşdırmaya əsasən, yuxu çatışmazlığı keçirən şagirdlər üçün məktəb dərslərinin sadələşdirilməsi ehtiyacı yaranıb.
Yuxu çatışmazlığı — dərs çatdırmasına əngəldir

Boston Kolleci tərəfindən aparılmış beynəlxalq tədqiqatın nəticələrinə əsasən, ABŞ yuxu çatışmazlığından əziyyət çəkən tələbələrin sayına görə dünyada ən irəlidə gedən ölkədir – burada 9 yaşlı şagirdlərin 73%-i və 10 yaşlı şagirdlərin 80%-i müəllimlər tərəfindən bu problemdən əziyyət çəkənlər siyahısına aid edilib.

Bu göstərici isə dünya ölkələri üzrə ortalanmış müvafiq rəqəmlərdən xeyli yüksəkdir.

Azərbaycan

ABŞ-dan sonra yuxu çatışmazlığı cədvəlində yerləri tutan ölkələr Yeni Zelandiya, Səudiyyə Ərəbistanı, Avstraliya, İngiltərə, İrlandiya və Fransadır. Təhsildə kifayət qədər yüksək səviyyə nümayiş etdirən Finlandiya da tələbələri yuxu çatışmazlığından əziyyət çəkən ölkələr sırasındadır.

Yuxu çatışmazlığından ən az əziyyət çəkən ölkələr sırasında Azərbaycan, Qazaxıstan, Portuqaliya, Çex Respublikası, Yaponiya və Malta kimi ölkələrin adı çəkilir.

Amma yuxunun lazımı dərəcədə alınması eyni zamanda təhsildə yüksək nəticə göstərməyən ölkəni təhsil qabaqcılına da çevirmir.

Misal üçün, şagirdlərinin yuxu çatışmazlığı əmsalı ən az olan Azərbaycan təhsildə yuxu çatışmazlığından əziyyət çəkən Finlandiya şagirdlərindən nəzərə çarpacaq dərəcədə geri qalır.

Araşdırma gənclərin nə səbəbdən yuxularını ala bilmədiklərini və texnoloji cəhətdən daha çox inkişaf etmiş ölkələrdə bu problemin nəyə görə daha kəskin olduğu sualına cavab vermir.

Təhsil üçün ciddi əngəl

Ekspertlər yuxu çatışmazlığına gətirən əsas səbəblər arasında gənclərin dostlarıyla gecə saatlarınadək internet və SMS vasitəsilə yazışmalarını göstərir.
Yuxu çatışmazlığı — dərs çatdırmasına əngəldir

Kömpüter ekranının yaxın məsafədən üzə işıq salması nəticəsində yuxunun qaçdığı qeyd olunur.

Illinoysda Northwestern Universitetinin yuxu tədqiqatçısı Karrie Fitzpatrick qeyd edir ki, kompüter və mobil telefonlar yuxuya getmək istəyən adamın beynini ayıq saxlayır.

Ekspertlər yuxu çatışmazlığının təhsil prosesi üçün ciddi əngələ çevrilə biləcəyini qeyd edirlər.

«Yuxusuzluq təhsillə bağlı bütün mərhələlərdə yaddaş və təhsil üçün ciddi problemdir», — Surrey Universiteti Yuxu Araşdırmaları Mərkəzinin əməkdaşı Derk-Jan Dijk deyir.

Yuxu çatışmazlığı şəraitində məlumatın qavranması və yadda saxlanması xeyli çətinləşir.

Bununla belə ekspertlər qeyd edir ki, yuxusuzluğun fəsadlarını əksər hallarda aradan qaldırmaq mümkündür, bunun üçün yuxu normasını gözləmək kifayət olur.

Xəbər lenti