Orta Doğu Texniki Universitetinin (ODTU) Mədəniyyət və Konqres Mərkəzində Türkiyə Zəka Vəqfinin təşkilatçılığı ilə X Zəka və Bacarıq Konqresi keçirilib. Tədbir Türkiyə İş Bankının baş sponsorluğu və ODTU-nun əməkdaşlığı ilə təşkil olunub.
Konqresin açılışında çıxış edən Türkiyə Zəka Vəqfinin sədri Əmrəxan Xalıçı, Türkiyə İş Bankının baş direktoru Hakan Aran və ODTU-nun rektoru professor Əhməd Yozqatlıgil zəkanın və yaradıcılığın inkişafında elm və təhsil sahələrinin qarşılıqlı inteqrasiyasının vacibliyini vurğulayaraq, konqresdə aparılacaq müzakirələrin bu sahədə əhəmiyyətli rol oynayacağını qeyd ediblər.
Konqres çərçivəsində müxtəlif ölkələrdən olan ekspert və alimlər tərəfindən təhsil, elm, texnologiya və incəsənət sahələrinin aktual problemləri müzakirə edilib.
Praktik sessiyalarda tanınmış tədqiqatçılar “Süni intellektin inkişafı”, “Xəyal gücünün təhsildə yeri”, “Uşaqların ehtiyacları və beyin axını”, “Zəka və Məkan: Neyromemarlıqla Bacarıqların Gücləndirilməsi” kimi mövzularda təqdimatlar edib, ətraflı müzakirələr aparılıb.
Konqresdə iştirak edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva beynəlxalq təcrübə mübadiləsi üçün bu cür tədbirlərin vacibliyini qeyd edib, gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıb.
2 gün davam edən tədbir çərçivəsində praktik sessiyalar və təcrübə mübadiləsi iştirakçılara nəzəri biliklərin tətbiqi sahəsində yeni təcrübələr qazandırıb. Həmçinin konqresdə incəsənət və idman sahəsində tanınmış şəxslər qonaq olub, incəsənət nümayəndələrinin iştirakı ilə bədii hissə təşkil edilib.