Logo

BDU-nun 105 illik yubileyi çərçivəsində Fizika fakültəsinin təqdimatı olub

03.12.2024 19:24 43 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi çərçivəsində Fizika fakültəsinin təqdimatı keçirilib.

BDU-dan Tehsil.biz-ə bildirilib ki, mərasimdə çıxış edən rektor Elçin Babayev Fizika fakültəsinin əsasının universitetin təsis edildiyi vaxtdan - 1919-cu ildə Tibb fakültəsinin nəzdində Fizika kafedrasının yaradılması ilə qoyulduğunu deyib. Bildirib ki, Fizika fakültəsinin məzunları arasında görkəmli alimlərlə yanaşı, ölkəmizin inkişafında xüsusi əməyi olan dövlət xadimləri, ərazi bütövlüyümüzün qorunması uğrunda vuruşan qəhrəmanlarımız və şəhidlərimiz var. Qeyd olunub ki, Nobel mükafatı laureatı Lev Landau Fizika fakültəsində təhsil alıb.

Hazırda fakültədə 1191 tələbənin təhsil aldığını deyən rektor ən yüksək nəticə əldə edərək Fizika fakültəsinə qəbul olunan 4 tələbəni də təqdim edib.

Sonra fakültənin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Dekan Bəxtiyar Paşayev bildirib ki, rəhbəri olduğu Fizika fakültəsində fundamental təhsil verilir və dünya səviyyəli elmi tədqiqatlar aparılır. Fakültə böyük elmi-texnoloji və kadr potensialına, elmin və texnologiyanın müxtəlif istiqamətlərində məqsədli kadr hazırlığını həyata keçirmək imkanlarına malikdir. Fizika fakültəsində əldə edilən bilik və bacarıqlar, qazanılan keyfiyyətlər fakültə məzunlarının müxtəlif sahələrdə fundamental və tətbiqi elm, yüksək texnologiyalı istehsalat və informasiya sistemləri sahələrində, dövlət idarəetmə orqanlarında, sənaye və maliyyə qurumlarında uğurla çalışmalarına zəmin yaradıb.

Optika və molekulyar fizika kafedrasının məsləhətçi professoru Niftalı Qocayev fakültənin ölkədə fizika elminin inkişafına verdiyi töhfələrdən söz açıb. Fizika fakültəsinin bugünkü uğurlarına səbəb olan alimlərin hər zaman xatırlanacağını deyib.

Daha sonra fakültənin şəhid məzunu Şəhriyar Həbiblinin anası Təranə Həbibli oğlunun tələbəlik illərindən bəhs edib, xatirələrini bölüşüb.

Tədbir fakültənin müəllim və tələbələrinin hazırladığı bədii hissə ilə davam edib.

Xəbər lenti