Logo

Yaşıl dünya üçün bilginin gücü: kitablardan gələcəyə yol – dəyirmi masa

03.12.2024 20:11 31 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Yaşıl dünya naminə həmrəylik ili”nin yekununa dair “Yaşıl dünya üçün bilginin gücü: kitablardan gələcəyə yol” adlı dəyirmi masa keçirilib.

MEK-dən Tehsil.biz-ə bildirilib ki, iclasda direktor Hüseyn Hüseynov “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Mərkəzi Elmi Kitabxanada həyata keçirilən çoxsaylı tədbirlərdən, o cümlədən elmi-praktik konfranslardan, virtual və ənənəvi sərgilərdən danışıb. MEK-in tərtibatında “Təbiət bir kitabdır” adlı nəşrini, “Azərbaycan ekologiyası” biblioqrafik göstəricisini tədqiqatçılar üçün mühüm töhfə kimi dəyərləndirən direktor bu sahədə bir sıra yeni layihələrin planlaşdırıldığını da diqqətə çatdırıb.

Daha sonra dosent Müseyib Yunusov “Yaşıl dünyanı qoruya biləcəyikmi?” adlı geniş məruzə ilə çıxış edib. Alim yaşıl dünya, yaşıl iqtisadiyyat, yaşıl enerji, yaşıl zona, yaşıl nəqliyyatın aktuallığından, bu sahədə aparılan elmi tədqiqatlardan danışıb. Qarabağın yaşıl enerji resurslarının potensialını da diqqətə çatdıran məruzəçi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında işğal dövründə yaranmış ekoloji problemlərdən, meşələrin, dövlət qoruqları və yasaqlıqların sistematik məhvindən, zonanın faydalı qazıntılarının açıq üsulla çıxarılması nəticəsində yeni relyef formaları, süxur tullantıları yaranması ilə təbiətə vurulmuş ziyandan bəhs edib. Alim, həmçinin işğaldan azad olunmuş regionlarda təkcə hidroenerji deyil, eləcə də tükənməyən və bərpaolunan enerji potensialından istifadənin perspektivlərini qeyd edib.

Digər çıxış edənlər dünyada təbii resursların azalması səbəbindən artan ekoloji təhlükələr və ekoloji davamlılıq sahəsində görülən tədbirlərin kitabxanalara təsirindən danışıb, ətraf mühitə qarşı həssaslığı istiqamətində MEK-in təbliği vəzifəsini vurğulayıblar.

Sonda tədbir iştirakçıları “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində MEK-də ilboyu davam edən eyniadlı sərgiyə baxış keçiriblər.

Xəbər lenti