Cari ildə isə müxtəlif şəhər və rayonlarda olmaqla 100 məktəbəqədər təhsil müəssisəsində keyfiyyət monitorinqləri aparılır və müəssisələr üzrə yekun hesabat hazırlanır.
Tehsil.biz xəbər verir ki bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” II beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, məktəbəqədər təhsilin keyfiyyət təminatı sisteminin yaradılması və xarici keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsi fəaliyyətinə məktəbəqədər təhsil müəssisələrində monitorinqin aparılması üzrə müsabiqə əsasında ekspertlər seçilmiş və onlara müvafiq təlim və metodoloji dəstək göstərilib: “Müsabiqə və təlimlərdən uğurla keçmiş namizədlər monitorinqlərə cəlb olunub.
Qiymətləndirmə çərçivə sənədi ilə yanaşı qiymətləndirmə aləti kimi “valideynlər arasında keçirilən sorğu anketi”, “qruplarda müşahidə forması”, “uşaq sağlamlığı və təhlükəsizliyi üzrə infrastruktur vəziyyəti”, “prosedurların uyğunluğunu qiymətləndirmək üçün yoxlama vərəqi”, “bağça heyətinin uşaqlarla ünsiyyətinin keyfiyyətinin qiymətləndirilməsi üzrə forma”, “tədrisin idarəedilməsi prosesinin qiymətləndirməsi üzrə forma” və “bağça təsərrüfatının idarəedilməsinin qiymətləndirilməsi üzrə forma” hazırlanıb.
Monitorinq qiymətləndirməsinə dair hesabatlar məktəbəqədər təhsil müəssisəsinə özünü daha yaxşı tanımaq, mövcud çağırışlar ilə yaxından tanış olmaqla yanaşı, Elm və Təhsil Nazirliyi strukturunda yer alan bütün maraqlı tərəflərə məktəbəqədər təhsil müəssisələrinin ehtiyaclarını anlamaq və inkişafını dəstəkləmək yolunda zəruri addımlara dair yol xəritəsi rolunu da oynaya bilər.
Daxili keyfiyyət təminatı sistemi və mədəniyyətinin formalaşdırılması, illik özünütəhlil hesabatlarının hazırlanması işlərinin dəstəklənməsi istiqamətində və ən əsası monitorinq hesabatlarında öz əksini tapmış zəif tərəflərin növbəti monitorinqə kimi aradan qaldırılması istiqamətində məktəbəqədər təhsil müəssisələrinə müvafiq təlimlər keçirilir”.