Logo

UNEC-in MBA Proqramı nüfuzlu CFA İnstitutunun akkreditasiyasını əldə etdi!

04.12.2024 21:57 37 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) MBA proqramı nüfuzlu Sertifikatlaşdırılmış Maliyyə Analitikləri İnstitutunun (Chartered Financial Analyst - CFA) akkreditasiyasını qazanıb və İnstitut tərəfindən tərəfdaş universitet kimi qəbul edilib.

UNEC Biznes Məktəbinin Maliyyə, Qiymətli kağızlar, Risk menecmenti və Maliyyə analitikası ixtisaslaşmaları CFA proqramının tələb etdiyi Biliklər Məcmusunu (CBOK) əks etdirdiyi, CFA İnstitutunun Etik Qaydalar və Peşəkar Davranış Standartlarının tələblərinə cavab verdiyi, eləcə də tədris proqramları üzrə magistrantlarını maliyyə və investisiya sahəsində dünyanın ən nüfuzlu sertifikatı olan Sertifikatlaşdırılmış Maliyyə Analitiki kvalifikasiyasına tam hazırlaması CFA İnstitutu tərəfindən təsdiqlənib. CFA İnstitutunun tərəfdaşı olaraq, hər il UNEC-in 4 magistri və 4 müəllimi hər 3 səviyyədə CFA proqramının təqaüdlərini əldə edəcəklər.

Qeyd edək ki, UNEC-in MBA Proqramı CFA akkreditasiyasından keçən yeganə Azərbaycan universitetidir.

CFA haqqında: CFA Proqramı maliyyə analitikləri, portfel menecerləri, investisiya məsləhətçiləri və dünyada mövcud olan digər investisiya mütəxəssisləri üçün bacarıq və səriştə standartlarını və tələbləri təyin edir. CFA kvalifikasiyası investisiya peşəsinə verilən ən nüfuzlu və etibarlı sertifikat kimi qəbul edilir. İngilis dilində həyata keçirilən CFA tədris proqramı və imtahanlar bütün dünyada eynidir. Proqrama qəbul edilən 5 namizəddən ən çox 1 nəfəri proqramı tamamlayaraq, investisiya üzrə peşəkarların “qızıl standart” kimi qəbul edilən CFA tam üzvlüyünü qazanmağa müvəffəq olur. UNEC-də 2023/2024-cü tədris ilindən başlayaraq, ACCA və CFA üzrə I, II və III sertifikatı olan magistrlər müvafiq fənləri dinləməkdən və yekun imtahanlardan azad edilirlər.

Xəbər lenti