Azərbaycan Universitetinin Humanitar və sosial elmlər fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşəbbüsü ilə “Elmi məqalə və tezislərin hazırlanması” mövzusunda elmi seminar keçirilib.
Universitetdən Tehsil.biz-ə bildirilib ki, seminarda Elm şöbəsinin müdiri Lətifə Ağamalıyevanın mövzuya dair təqdimatı dinlənilib.
Tədbirdə tələbələrə elmi tədqiqat işlərinin təsnifatı və strukturu haqqında, o cümlədən elmi tədqiqat işlərinə qoyulan tələblər barədə məlumat verilib. Qeyd olunub ki, həm konfranslara təqdim etmək üçün hazırlanan tezislər, həm də elmi məqalələrin adının seçilməsi qarşıya qoyulan məqsədin böyük qisminə nail olmaq deməkdir.
Lətifə Ağamalıyeva mövzunun aktuallığı və elmi yeniliyinin əhəmiyyətini vurğulayıb, tezis və elmi məqalələrin strukturu formalaşdırılarkən ən çox yol verilən səhvləri, açar sözlərin seçilməsi, mətnlərin tərtibatı, sitatlardan istifadə qaydaları, ədəbiyyat siyahısının tərtib olunması kimi məlumatları diqqətə çatdırıb.
Sonda mövzu ətrafında müzakirə aparılıb və suallar cavablandırılıb.