IV Azərbaycan Astronomiya Olimpiadasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzindən Tehsil.biz-ə bildirilib ki, olimpiadanın keçirilməsində məqsəd şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyaya daha geniş yer verilməsinin təşviq edilməsi, həmçinin qaliblərin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlığının təmin olunmasıdır.
Ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən IV Azərbaycan Astronomiya Olimpiadasının respublika turunda astronomiya üzrə bilik və bacarıqlarını yoxlamaq məqsədilə 1190 şagird qeydiyyatdan keçib. Daha sonra Bakı Dövlət Universitetində və Naxçıvan şəhərində STEAM Təlim-Tədris Mərkəzində baş tutan final mərhələsinin nəticələri əsasında Təşkilat Komitəsinin qərarına əsasən, 6 nəfər birinci yerə, 10 nəfər ikinci yerə, 9 nəfər isə üçüncü yerə layiq görülüb.
IV Azərbaycan Astronomiya Olimpiadasının qalibləri, həmçinin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunublar. Hazırlıq dərsləri Bakı Dövlət Universiteti və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekspertləri tərəfindən mərkəzdə təşkil olunub. IV Azərbaycan Astronomiya Olimpiadası və XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilib. Keçirilən imtahan nəticəsində seçilən 5 nəfərdən ibarət komanda ölkəmizi Braziliyada baş tutan XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında təmsil edib və komanda üzvlərindən 4 nəfər şagird fəxri adla təltif olunub.
Beynəlxalq arenada mükafatlarla nəticələnən IV Azərbaycan Astronomiya Olimpiadasının təşkilatçıları Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Təhsil İnstitutu, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Həvəskar Astronomiya Cəmiyyəti” İctimai Birliyidir. Komandanın Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirakı Təhsil İnstitutunun dəstəyi ilə baş tutub.
Qeyd edək ki, 2016-cı ildən etibarən Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Tusi-Bohm Planetariumun birgə təşəbbüsü ilə məktəblilər üçün astronomiya yönümlü proqramların təşkil edilməsinə start verilib.