Logo

Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetinin nümayəndələri BDU-da

05.12.2024 22:56 105 baxış
IMG

Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetinin nümayəndələri Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya və Fizika fakültələrində olub, iki universitet arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində müzakirələr aparıblar.

Coğrafiya fakültəsində Alexandru İoan Cuza İasi Universitetinin  professoru Mihai Bulaini ilə görüşdə Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov, dekan müavinləri Eltac Cəbiyev, Qoşqar Məmmədov və Hidrometeorologiya kafedrasının müəllimi Anar Nuriyev iştirak ediblər. Fakültə dekanı BDU-nun və Coğrafiya fakültəsinin tədris, elmi fəaliyyətinin təşkili, kadr hazırlığı aparılan ixtisaslar barədə qonağa məlumat verib. Görüşdə BDU-nun Coğrafiya fakültəsi ilə Alexandru İoan Cuza İasi Universitetinin Coğrafiya və geologiya fakültəsi arasında elm-təhsil əlaqələrinin qurulmasına dair müzakirələr aparılıb.

Sonra professor Mihai Bulaininin  “Turizm işinin təşkili” ixtisasının tələbələri ilə görüşüb, tədris planları oxşar olduğuna görə Alexandru İoan Cuza İasi Universitetinin Coğrafiya və geologiya fakültəsinin magistratura pilləsində təhsil almaq imkanlarının olduğunu tələbələrin nəzərinə çatdırıb.

BDU-nun Fizika fakültəsində isə Alexandru İoan Cuza İasi Universitetinin digər professoru Claudiu Costin ilə professor-müəllim heyətinin görüşü keçirilib. Görüş zamanı hər iki universitetin mövcud elmi-tədqiqat imkanları müzakirə olunub, potensial əməkdaşlıq sahələri araşdırılıb və gələcəkdə birgə elmi layihələrin həyata keçirilməsi üçün ilkin razılaşmalar əldə edilib. Həmçinin,  elmi və akademik təcrübə mübadiləsinin genişləndirilməsi, birgə tədqiqatların aparılması istiqamətində danışıqlar aparılıb.

Sonra professor Claudiu Costin Fizika fakültəsinin tələbələri üçün seminar keçib. Seminar zamanı bakalavriatura, magistratura və doktorantura səviyyələrində tələbələrin Alexandru İoan Cuza İasi Universitetində təhsil almaq imkanları haqqında ətraflı məlumat verilib. Claudiu Costin tələbələrin suallarını cavablandıraraq, təhsil prosesində beynəlxalq təcrübənin əhəmiyyətini vurğulayıb.

Xəbər lenti