"Biz dördüncü sinifdə apardığımız son qiymətləndirmələrdə qızların nəticələrinin daha yaxşı olduğunu görürük. Amma 15 yaşlı qız və oğlanlar arasındakı fərqə baxanda dinamika zəifləyir. Oğlanların nəticələri qızların nəticələrini üstələyir".
Tehsil.biz xəbər verir ki, bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Elm və Təhsil Nazirliyi ilə birgə keçirdiyi Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda deyib.
Nazir bunu sosial səbəblərlə əlaqələndirib: "Buna 10 yaşından 15 yaşına qədər olan qızlara ətrafdan olan münasibət təsir edir. Yəni cəmiyyətin qızlara olan təzyiqinin nəticəsidir. Halbuki cinsiyyətindən asılı olmayaraq bir insan 10 yaşında bacarıqlıdırsa, 15 yaşında da o, geri getməməlidir. Ən vacib məsələlərdən biri qızların təhsilidir. Bu gün azyaşlı və yeniyetmə qızların təhsili gələcək anaların təhsilli olması deməkdir".
Nazir azyaşlı qızların erkən nikaha cəlb olunması məsələsinə də toxunub. O, deyib ki, təssüf ki, az sayda olsa da, Azərbaycanda erkən nikah, təhsildən yayınma halları var:
"Bir çox hallarda bu, dövlətin səyi ilə deyil, ictimaiyyətin, ailələrin, ayrı-ayrı məntəqələrdə yaşayan insanların, hətta qonşuların qınağı ilə həll olunacaq məsələdir. Hər bir insan anlamalıdır ki, azyaşlı qızı ərə vermək olmaz. Bu, yalnız həmin qızın və ya ailəsinin məsələsi deyil, bütünlüklə cəmiyyətimizi düşündürən problemdir".