Logo

Şagirdlərin məktəblərdə mobil telefondan istifadəsini necə məhdudlaşdırmalı?

05.12.2024 23:05 189 baxış
IMG

Son bir neçə ildə ümumtəhsil məktəblərində təhsil alan şagirdlər arasında mobil telefondan istifa halları xeyli dərəcədə artıb. İstər ibtidai, istərsə də yuxarı siniflərdə təhsil alan uşaqların böyük əksəriyyəti mobil telefonlardan istifadə edirlər. Bəzi valideynlər övladlarından istədikləri vaxt xəbər ala bilmək üçün onların məktəbə telefon aparmalı olduğunu düşünürlər. Ancaq şagirdin məktəbdə telefondan istifadə etməsi fikir dağınıqlığına və dərs prosesinin pozulmasına səbəb olur, tədrisin keyfiyyətinə mənfi təsir edir.  Əlində telefon olan şagirdin diqqəti müəllimdə yox, telefonda olur. Dərsə qulaq asmaq yerinə telefonda oyun oynayır, internetə girir, sosial şəbəkələrdən istifadə edir, müxtəlif fotolar və videolar, məktəbdə baş verən ən kiçik hadisələri belə dərhal çəkərək sosial şəbəkələrdə paylaşırlar.

Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, mobil telefonlardan istifadə şagirdlərin həm sağlamlığına, həm də təlim-tərbiyəsinə mənfi təsir göstərir, dərs prosesini pozur, şagirdlərin diqqətini yayındırır: "Bəzi ölkələrdə şagirdlərin məktəbdə mobil telefondan istifadəsinə qadağa qoyulub. Fransada 15 yaşından aşağı olan şagirdlərə məktəb ərazisində telefondan istifadəni qadağan edib. Avropanın 4 dövləti və ABŞ-ın 13 ştatında məktəb ərazisində şagirdlərin telefondan istifadəsi qadağandır. Bizdə də belə bir qadağa əvvəllər məktəbdə tətbiq olunub. Amma bu, valideynlər tərəfindən böyük narazılıqla qarşılanıb. Onlar bildirdilər ki, telefon olmayanda uşaqla əlaqə saxlamaq mümkün olmur. Məgər əvvəllər mobil telefon yox idi, valideyn uşaqla əlaqə qura bilmirdi? Bu məsələ məktəbin daxili nizam-intizam qaydaları ilə tənzimlənməlidir. Hesab edirəm ki, əgər mobil telefon valideynə uşağı ilə əlaqə qurması üçün lazımdırsa, onda şagirdə baha qiymətə çoxfunksiyalı mobil telefon almağa ehtiyac yoxdur. Valideyn də övladının məktəbdə bilik əldə etməsini istəyirsə, ona diqqətini yayındıran cihazlar alıb verməməlidir: "Şagird məktəbə bilik əldə etmək üçün gəlir. Valideynlər də buna mane olan addımlar atmamalıdır".

Ekspert bildirib ki, çox az sayda məktəblərdə mobil telefon qadağası tətbiq edilir. Ancaq bu qadağa bir neçə məktəbdə yox, ölkə üzrə bütün təhsil müəssisələrində tətbiq olunmalıdır: "Bəzi məktəblərdə şagirdlərin telefondan istifadəsi qadağandır. Lakin bunu kütləvi şəkildə etmək lazımdır. Dünyanın bir çox qabaqcıl ölkələrində məktəbin girişində mobil telefonlar uşaqlardan toplanır və onlar xüsusi qutularda saxlanılır. Dərs bitdikdən sonra isə telefon uşaqlara təhvil verilir. Bu metodu bizdə də tətbiq etmək olar. Çünki hər məsələyə münasibət heç də həmişə birmənalı olmur. İstənilən halda narazı qalan tərəflər olur. Ona görə də tam qadağa qoymaq mümkün olmur.  Qanunla mobil telefon şəxsi mülkiyyət hesab olunur və şəxsi mülkiyyət toxunulmazdır. Mobil telefon əlaqə vasitəsidir. Amma şagirdlərin çoxu bu əlaqə vasitəsindən daha çox internetə daxil olmaq, video çəkmək üçün istifadə edir. Şagirdlər sinifdə baş verənləri telefonla videoya çəkir və yayır. Bu, daha çox dərsdə uğur qazana bilməyən, yaxşı oxumayan uşaqlar tərəfindən edilir. Belə uşaqlar bu  görüntülərlə gündəmə gəlmək istəyirlər. Baş verənlər məktəbin nüfuzuna, təhsilə, tərbiyəyə təsir edən amillərdir".

Qeyd edək ki, ölkədə fəaliyyət göstərən özəl orta təhsil müəssisələrində şagirdlərin şəxsi əşyaları üçün ayrıca şkaflar mövcuddur. Şagirdlər bəzi əşyalarını, eyni zamanda, mobil telefonlarını sinifə daxil olmazdan öncə bu şkaflara qoyur. Dərs bitdikdən sonra, evə gedəndə əşya və mobil telefonlarını götürür. Ancaq dövlət təhsil müəssisələrində şagirdlərin şəxsi əşyaları üçün şkaflar mövcud deyil. Bildirilir ki, dövlət təhsil müəssisələrində şagird sayı çox olduğundan orada belə şkafların qoyulması mümkün deyil.

Təhsil eksperti Elçin Əfəndinin fikrincə, şagirdlərin məktəb ərazisində mobil telefondan istifadəsini qadağan edən vahid qayda olmalıdır. Bu qayda da ölkənin bütün orta məktəblərində tətbiq edilməlidir: "Bütün təhsil müəssisələrində bu qaydanı tətbiq etsək, bu, daha məqsədəuyğun hesab oluna bilər. Çünki ümumi qayda olmadığı halda, hər hansı bir məktəb tərəfindən tətbiq olunarsa, valideyn və şagird tərəfindən həmin məktəb rəhbərliyinə qarşı "başqa məktəblərdə tətbiq olunmur, niyə siz tətbiq edirsiniz?" kimi arqumentlərdən istifadə olunacaq. Amma dərs zamanı telefonlar yığışdırılması müvafiq mərkəzi orqan tərəfindən təsdiqlənərsə, əlbəttə, bütün məktəblər bir qayda olaraq, bu qaydanın tətbiqinə maraqlı olacaqlar. Əks halda istər məktəb rəhbərliyi, istərsə də digər əməkdaşlar özlərini pis vəziyyətə salmamaq üçün bu qaydaya getməyəcəklər. Düzdür, bəzi məktəblərdə telefonların yığışdırılması qaydası məktəb rəhbərliyi tərəfindən tətbiq olunur. Amma bu, çox azdır. Nəzərə alsaq ki, ölkədə fəaliyyət göstərən 4430-dan çox məktəb var. Bu məktəblərin hər birində yox, yalnız istisna hallarda telefonlar yığılır. Amma ümumi qaydada hər birində yığılması üçün mərkəzi orqanın mütləq qaydada bir qərarı olmalıdır".

Ekspert deyir ki, şagirdlərin məktəbdə mobil telefondan istifadəsinin qadağa qoyulmasını onların hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirmək düzgün deyil: "Bu hal bəzən hüquqların məhdudlaşdırılması kimi qiymətləndirilir, amma mən belə düşünmürəm. Çünki burada məqsəd hüquqların məhdudlaşdırılmasından daha çox şagirdin dərsə və oxumağa təşviq edilməsi nəzərdə tutulur. Demirik ki, şagird bütün gün ərzində telefondan istifadə etməsin. Sadəcə dərs zamanı şagird telefondan uzaq qalmalıdır. Amma biz son dövrlər bunu müşahidə etmirik. Şagirdlər demək olar ki, telefonla məşğul olur. Xüsusilə yuxarı sinif şagirdləri dərs zamanı müvafiq oyunlar oynayırlar. Bütün diqqətləri dərsə yox, telefona, oyuna yönəlir. Bunun qarşısını almaq üçün ümumi qaydaya ehtiyac var".

E.Əfəndinin dediyinə görə, şagirdlərin mobil telefondan istifadə etməyinin müsbət tərəfi yalnız valideyni ilə əlaqə saxlamasıdır. Amma müsbət olmayan tərəfləri çoxdur: "Qeyd etdiyim kimi, dərsin gedişatında müxtəlif əyləncələr üçün işlər görürlər, məsələn, video çəkirlər, oyun oynayırlar və s. Bunlar yolverilməzdir. Şagird dərs zamanı yalnız biliyin əldə edilməsinə çalışmalıdır. Əks halda telefonlar onlara müvafiq bilikləri əldə etməsinə imkan verməyəcək. Azərbaycan təhsil müəssisələrində təxminən 1 milyon 600 minə yaxın şagird təhsil alır. Bu şagirdlərin hər biri dərs zamanı mobil telefondan istifadə edərsə, biz gələcək üçün ziyalı, istedadlı gənclər yetişdirməkdə əziyyət çəkəcəyik. Bu barədə ciddi düşünməyə dəyər".

Təhsil naziri Emin Əmrullayev bildirib ki, təhsil müəssisələrində telefonların yığılması məktəblərin daxili qaydaları ilə tənzimlənir. Bu, şagirdlərə və müəllimlərə bir inam məsələsidir. Bu mərkəzləşmiş bir qaydada qərarla tənzimlənir: "Telefon müəyyən mənada şagirdə lazımdır ki, valideyn onu axtarır, əlaqə vasitəsidir. Şagirdlərdən telefonların yığılması ilə bağlı məktəblər özləri qərar verə və icra edə bilərlər".

Təhsil eksperti Kamran Əsədovun sözlərinə əsasən, hər bir orta məktəb şagirdi tədris ilində minimum 11 fənn oxuyur, onların kitablarını əldə edir. Halbuki sosial şəbəkələrdə qeydiyyatdan keçən şagirdlərin sayı faydalı elektron resurslardan, dərsliklərdən istifadə edənlərdən qat-qat çoxdur. Ona görə, orta ümumtəhsil müəssisələrində yaşanan bəzi xoşagəlməz hadisələr də telefonun gətirdiyi nəticələrdir. Bütün bunları nəzərə alaraq, orta məktəblərdə mobil telefon istifadəsinin qadağan olunması məqsədəuyğundur: "Orta məktəb şagirdinə mobil telefon yalnız valideynləri ilə əlaqə saxlamaq üçün vacibdir. Yəni onun məktəbə daxil olması, məktəbdən çıxması barədə atasına və ya anasına operativ məlumat verir. Amma bunun üçün təklif edirəm ki, orta məktəblərin girişində turniketlər quraşdırılsın. Əl izi, yaxud hansısa vasitə ilə şagirdlərin məktəbə daxil olması həyata keçirilsə, valideynlər də bundan xəbərdar olar. Həmçinin, məktəblərin girişində böyük şkaflar yerləşdirib, hər bir şagirdə nömrə vermək, dərs vaxtı elektron vasitələrini, mobil telefonlarını orada saxlamağa şərait yaratmaq olar".

Təhsil eksperti qeyd edib ki, elektron vasitələr, mobil telefonlar şagirdlərin dərsə diqqətinin yayınmasına gətirib çıxarır. Ona görə, hətta müəllimlərin belə mobil telefonla dərsə daxil olmasını məhdudlaşdırmaq lazımdır. Çünki dərs zamanı müəllimə zəng gəlir, o, bayıra çıxdıqda dərsin gedişatı pozulur. "Ümumiyyətlə, tədris prosesinin gedişatını pozan vasitələrin orta məktəblərdə səmərəsiz istifadəsinə yol verməmək lazımdır. Avropanın 4 dövləti və ABŞ-ın 13 ştatında məktəb ərazisində telefondan istifadə qadağan edilib. Hesab edirəm ki, ölkədə belə bir qadağanın tətbiq olunması yalnız təhsilin keyfiyyətinə müsbət təsir edə bilər. Orta ümumtəhsil müəssisələrində mobil rabitə vasitələrinin istifadəsinin qadağan olunması təhsilin keyfiyyətinə kömək edəcək. Təkcə şagirdlərin deyil, məktəb daxilində müəllimlərin də bundan istifadəsinə məhdudiyyət qoymaq lazımdır".

Millət vəkili Fazil Mustafa şagirdlərin mobil telefondan istifadəsinin qadağan olunmasının tərəfdarıdır: "Hesab edirəm, fövqəladə zərurət olmadıqca məktəb ərazisində mobil telefondan istifadəni şagirdlərə qadağan etmək lazımdır. Məktəblərdə mobil telefon əyləncəsindən kitaba dönüş hərəkatına başlamaq lazımdır".

Sevinc QARAYEVA

Xəbər lenti