Bakı şəhəri Maştağa qəsəbəsinin Savalan yaşayış massivində 349 nömrəli uşaq bağçası istifadəyə verilib.
Bu barədə TƏHSİL.BİZ-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib.
Açılış mərasimində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri İlahə Rəsulova ölkəmizdə məktəbəqədər təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb. Şöbə müdiri uşaq bağçalarının işinin yüksək səviyyədə təşkili istiqamətində atılan addımlara diqqət çəkib və məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulması, müasir uşaq bağçalarının inşası sahəsindəki fəaliyyətin daha da genişləndirildiyini bildirib.
Sonda qonaqlar bağçada yaradılmış şəraitlə tanış olub, qruplara baxış keçiriblər. Yeni istifadəyə verilən 100 yerlik uşaq bağçasında hazırda 75 uşağın təlim tərbiyəsi ilə 8 pedaqoji işçi məşğul olur.
Onu da qeyd edək ki, 2024-cü ildə paytaxt üzrə yeni tikilmiş və əsaslı təmir olunmuş 8 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib.