Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “Xalq qəzeti”nin “Debat otağı” açılıb.
BDU-dan TƏHSİL.BİZ-ə bildirilib ki, açılış mərasimdə çıxış edən rektor Elçin Babayev son illər universitetdə xüsusi otaqların açılmasının ənənə xarakteri daşıdığını və bunun tədrisin keyfiyyətinin artırılmasına xidmət etdiyini bildirib. O qeyd edib ki, artıq Jurnalistika fakültəsində Mətbuat Şurası, Medianın İnkişafı Agentliyi, “ARB24” televiziyasının xüsusi otaqları açılıb. Bu otaqların hər biri tələbə-jurnalistlər üçün nəzəri biliklərin praktikada tətbiqi baxımından əvəzsiz rol oynayır. Rektor vurğulayıb ki, Azərbaycanda söz, fikir və mətbuat azadlığının formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Xalq qəzeti” dövlətin informasiya siyasətində mühüm halqalardan biridir: “BDU-da “Xalq qəzeti”nin “Debat otağı”nın açılması tələbələrin dövlətin informasiya siyasəti ilə daha yaxından tanış olmasına, medianın aktual məsələləri, informasiya təhlükəsizliyinə dair peşəkar mütəxəssislərin iştirakı ilə canlı müzakirələrin aparılmasına şərait yaradacaq”.
“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov isə bildirib ki, “Debat otağı”nın açılması gənc jurnalistlərin peşəkar mətbuata hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır: “Xalq qəzeti”nin kollektivinin 80 faizini BDU məzunları təşkil edir. Bu ənənəni daha da möhkəmləndirmək üçün Jurnalistika fakültəsinə daha bir addım yaxınlaşmağı qərara aldıq. Jurnalistika fakültəsi mətbuatın əsas kadr bazasıdır. Təcrübə göstərir ki, bu fakültəni bitirənlər peşə dəyərlərinə daha çox əməl edirlər. Bu otaqda çoxsaylı görüşlər, müzakirələr keçiriləcək. Bundan əlavə, “Xalq qəzeti”ndə Jurnalistika fakültəsinin bir kafedrasının filialının açılmasını da nəzərdə tutmuşuq”.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, İdarə Heyətinin üzvləri Vüqar Rəhimzadə, Umud Rəhimoğlu, Aydın Quliyev, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, kafedra müdirləri Cahangir Məmmədli, Qulu Məhərrəmli, Xatirə Hüseynova, Ahıl Jurnalistlər Məclisinin sədri Tahir Aydınoğlu çıxışlarında “Debat otağı”nın açılmasının BDU-mətbuat əlaqələrinə töhfə verəcəyini vurğulayıblar. Çıxışlarda qeyd olunub ki, tələbələrə praktik vərdişlər aşılayan belə layihələr daha peşəkar jurnalist kadrların yetişməsinə təkan verəcək.