Azərbaycan Moskvada keçirilən “Ədəbiyyat dili ilə. Uşaq ədəbiyyatı və mütaliə sahəsində əməkdaşlıq” MDB ölkələrinin II Beynəlxalq Uşaq və Gənclər Kitab Forumunda təmsil olunur.
Tehsil.biz MDB İcraiyyə Komitəsinin saytına istinadla xəbər verir ki, forum MDB iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu, “Oxucu yetişdiririk” uşaqların mütaliəyə cəlb edilməsi üzrə Mədəniyyət, incəsənət və təhsil xadimləri Assosiasiyasının dəstəyi ilə keçirilir. Forumun məqsədi uşaq ədəbiyyatı və mütaliə sahəsində mütəxəssislər arasında mədəni-humanitar əlaqələrin gücləndirilməsi, MDB ölkələrində uşaq mütaliə infrastrukturunun səmərəliliyinin və inkişafının artırılması, uşaqlara xidmət göstərən kitabxanaların rolunun və yeni imkanlarının müzakirə edilməsi, uşaqların mütaliəyə cəlb edilməsi üzrə birgə layihələrin həyata keçirilməsi ilə bağlı təcrübə mübadiləsidir.
Forum çərçivəsində Avrasiya Kitabxana Assambleyasının xüsusi tədbiri - uşaq kitabxanaları bölməsinin yaradılması ilə bağlı MDB-yə üzv dövlətlərin kitabxana direktorlarının ilk iclası keçirilib.
Tədbirdə MDB ölkələrinin uşaq kitabxanalarının rəhbərləri, fəaliyyəti uşaq ədəbiyyatı, kitab və mütaliə ilə bağlı mütəxəssislər, milli kitabxanaların rəhbər heyəti, mədəniyyət və təhsil sahəsində aparıcı dövlət və ictimai təşkilatların nümayəndələri, MDB iştirakçısı olan dövlətlərdən yazıçılar, illüstratorlar, tərcüməçilər iştirak edirlər.
Forumun proqramına tematik dəyirmi masalar, yazıçı və illüstratorlarla görüşlər, sərgilər daxildir.