Logo

ADNSU-da Karyera Mərkəzi açılıb

06.12.2024 20:13 134 baxış
IMG

Dekabrın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Karyera Mərkəzinin açılış mərasimi keçirilib.

Universitetdən Tehsil.biz-ə bildirilib ki, ölkənin aparıcı dövlət və qeyri-dövlət, yerli və xarici şirkət rəhbərlərinin iştirakı ilə keçirilən açılış mərasimində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi, dosent Vazeh Əskərov ADNSU-da sənaye-universitet işbirliyi sahəsində uğurlardan danışaraq, Karyera Mərkəzinin fəaliyyətə başlaması ilə bu sahədə əməkdaşlıqda yeni səhifənin açıldığına əminliyini ifadə edib.

Tədbir çərçivəsində ADNSU-da 40-dək şirkətin iştirakı ilə Karyera sərgisi keçirilib.

ADNSU və UFAZ-ın yuxarı kurs tələbələri üçün keçirilən sərginin açılış mərasimində çıxışı zamanı rektor əvəzi, dosent Vazeh Əskərov ADNSU-nun hazırda 700-dən artıq şirkətlə əməkdaşlıq etdiyini, hər il 3000-dən artıq tələbənin istehsalat təcrübəsində nəzəri biliklərini artırdığını, yüzlərlə tələbənin ödənişli təcrübə proqramlarının qalibi olduğunu qeyd edib. Dosent Vazeh Əskərov ADNSU-nun son 2 ildə ardıcıl olaraq beynəlxalq reytinqlərdə yüksəldiyini qeyd edərək, bu işdə universitetini işəgötürənlər arasında reputasiyasının önəmli yer tutduğunu vurğulayıb.

Sonra sərgi ilə tanışlıq olub.

Sərgi çərçivəsində dəyirmi masa ətrafında universitet ilə sənaye təmsilçiləri arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində müzakirələr aparılıb. Müzakirələr zamanı ölkənin bir neçə ali məktəbinin, o cümlədən ADNSU-nun beynəlxalq reytinqlərdə yer almasına toxunulub, bunun Azərbaycanda ali təhsilin keyfiyyətinin yüksəlməsi və beynəlxalq nüfuzunun artması üçün əhəmiyyəti vurğulanıb, işəgötürənlərin milli təhsilimizin inkişafına töhfə verməsi üçün bu prosesdə daha fəal iştirakının zəruriliyi qeyd olunub. Müzakirələrin yekununda ADNSU-da tədrisin müasir sənaye və iqtisadiyyatın, eləcə də əmək bazarının tələblərinə uyğun aparılması işinin ardıcıllığını təmin etməsini hədəfləyən Tədrisin İnkişafı Şurası yaradılıb.

Karyera sərgisi çərçivəsində ADNSU və UFAZ tələbələri üçün şirkətlərin nümayəndələri tərəfindən müxtəlif mövzularda təlimlər təşkil olunub, UFAZ-ın magistr proqramlarının təqdimatı keçirilib.

Xəbər lenti