Logo

Texnologiya Universiteti “TələbəPlus” layihəsinə qoşulub

06.12.2024 20:15 164 baxış
IMG

Azərbaycan Texnologiya Universiteti (ATU) ilə Təhsilin İnkişafı Fondu (TİF) arasında “TələbəPlus” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsi imzalanıb. Bu məqsədlə keçirilən görüşdə ATU və TİF-in rəhbərliyi, “Kapital Bank”ın nümayəndələri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tehsil.biz xəbər verir ki, görüş zamanı ATU-nun rektoru Yaşar Ömərov vahid tələbə kartlarının istifadəyə verilməsinin təhsil sahəsində mühüm yeniliklərdən olduğunu bildirib və bu yeniliyin tələbələrin akademik və sosial imkanlarını genişləndirəcəyinə əminliyini ifadə edib.

TİF-in İdarə heyətinin sədri Elnur Nəsibov layihənin bütün ölkə üzrə tələbələrin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək, eyni zamanda, onların sosial həyatına dəstək göstərmək məqsədi daşıdığını bildirib.

Görüşdə qeyd olunub ki, alış-veriş mərkəzlərində və tələbələrin ən çox istifadə etdiyi müxtəlif iaşə obyektlərində özəl güzəştlər edilməsi üçün TİF öz tərəfdaşları ilə birlikdə 200-dən artıq şirkətlə razılaşma əldə edib. Bundan əlavə, Mədəniyyət Nazirliyi ilə əldə olunan ilkin razılaşmaya əsasən, muzeylər, qalereyalar və sərgi salonlarında tələbələr üçün xüsusi güzəştlər nəzərdə tutulur.

Müzakirələrdən sonra ATU-nun rektoru Yaşar Ömərovla TİF-in İdarə heyətinin sədri Elnur Nəsibov “TələbəPlus” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsini imzalayıblar.

Qeyd edək ki, TİF-in “Kapital Bank” və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən “TələbəPlus” layihəsi vahid tələbə kartlarının tətbiq edilməsini nəzərdə tutur. Layihə çərçivəsində ilkin olaraq yeni tədris ilindən 150 min tələbə kartının istifadəyə verilməsi planlaşdırılır.

Xəbər lenti