Logo

Pedaqoji Universitetdə Erasmus+ layihəsi çərçivəsində yekun görüşlər keçirilib

06.12.2024 22:29 121 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Niderlandın Vittenborq Tətbiqi Elmlər Universitetinin (WUAS) koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan və Rusiya ali təhsil müəssisələrində tədris, təlim və qiymətləndirmə prosesinin daxili keyfiyyət təminatının təkmilləşdirilməsi” (IQAinAR) adlı Erasmus+ layihəsi çərçivəsində yekun görüşlər keçirilib.

Bu barədə Tehsil.biz-ə Pedaqoji Universitetdən bildirilib.

Layihənin yekun tədbirlərində layihə konsorsiumunun üzvü olan 8 ali təhsil müəssisəsi, həmçinin ali təhsil sahəsində fəaliyyət göstərən Niderlandın “415 International BV” təşkilatının nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları arasında Niderlandın Vittenborq Tətbiqi Elmlər Universiteti, İspaniyanın Müqəddəs Entoni Katolik Universiteti, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Texniki Universitetinin nümayəndələri yer alıblar.

ADPU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova layihənin əhəmiyyəti barədə danışıb. Daha sonra Vittenborq Tətbiqi Elmlər Universitetinin tədqiqatçısı Rauf Abdul tərəfindən “Keyfiyyət təminatının əsasları və keyfiyyət mədəniyyəti” mövzusunda təlim keçirilib və iştirakçılar arasında qrup işləri təşkil olunub.

Layihənin yekun konfransı keçirilib, nümayəndələr təqdimatlarla çıxış ediblər.

Həmçinin Vittenborq Tətbiqi Elmlər Universitetinin tədqiqatçısı Amal Abi Orm layihənin yekun mərhələsi, maliyyə məsələlərinin idarə olunması və lazımi sənədlərin vaxtında təqdim edilməsinin vacibliyi barədə məlumat verib.

Vittenborq Universiteti ilə yerli tərəfdaşlar tələbə-müəllim mübadiləsi barədə müzakirələr aparılıb və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı razılığa gəlinib.

Qeyd edək ki, bu görüşlər layihənin uğurlu yekunlaşmasına töhfə verməklə yanaşı, ali təhsildə keyfiyyət təminatının inkişafı sahəsində təcrübə mübadiləsi üçün də mühüm platforma yaradıb.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Xəbər lenti