Bu il martın 2-si itkin düşən və mayın 14-ü Lənkəranda meyiti tapılan Cəlilabad rayon Muğan kənd sakini 22 yaşlı Könül Ağayevanın qətli ilə bağlı məhkəmə prosesi başa çatıb.
Tehsil.biz xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində 2003-cü il təvəllüdlü Elvin İsmayılzadəyə hökm oxunub.
O, Cinayət Məcəlləsinin 120.2.9 və 326-cı (Köməksiz vəziyyətdə olan adamı öldürmə və rəsmi sənədləri məhvetmə) maddələri ilə təqsirli bilinib. Elvinə 19 il 6 ay həbs cəzası verilib.
Araşdırmalar zamanı məlum olub ki, Lənkəran Dövlət Universitetinin 4-cü kurs tələbəsi olan Könül 2023-cü ildə bir müddət evli olub, daha sonra ayrılıb. Bildirilir ki, anası Könül onun sözünə baxmadığı üçün qızından imtina edib və o, nənəsinin himayəsində yaşayıb.
Daha sonra Könül Lənkəranda olarkən orada dönərçi işləyən Elvinlə tanış olub və aralarında münasibət yaranıb.
Fotoda Elvin İsmayılzadə
Hadisədən əvvəl isə Könül Ağayeva Cəlilabaddan bəzi əşyalarını götürərək yenidən Lənkəran şəhərinə gedib və bir müddət burada yaşayıb. Elvin ona ailə qurmaq istəmədiyini bildirib, Könülün onunla fikrinin ciddi olduğunu gördükdən sonra isə gənc qızı qətlə yetirmək qərarına gəlib. O, K.Ağayevanı məftillə boğub öldürdükdən sonra dostu Xəyalla birgə meyiti evin zirzəmisində basdırıb.
Qətl hadisəsindən sonra Könülün nənəsinin istəyi ilə Elvin Bakıda onunla görüşüb, lakin qızdan xəbərinin olmadığını bildirib. Həmçinin sosial şəbəkələrdə Könülün fotosunu paylaşaraq onun itkin düşməsi barədə elanlar paylaşıb və axtardığı barədə görüntü yaratmağa çalışıb.
Qeyd edək ki, bu ilin may ayında Könülün qətlə yetirilməsinin məlum olması və meyitinin tapılmasından bir neçə gün sonra nənəsi də vəfat edib.