Dekabrın 7-də Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, tanınmış kino və televiziya rejissoru Kamil Rüstəmbəyovun (1924-1991) anadan olmasının 100-cü ildönümü tamam olur.
Bu münasibətlə dekabrın 6-da Azərbaycan Dövlət Film Fondu, Azərbaycan Kinematoqrafçılar İttifaqı, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Kinorejissorlar Gildiyasının nümayəndələri, tanınmış mədəniyyət xadimləri sənətkarın məzarını ziyarət ediblər.
Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxışında Azərbaycan kino və televiziyasının inkişafında Kamil Rüstəmbəyovun xüsusi rolu olduğunu qeyd edib.
Uzun illər rejissorla birlikdə fəaliyyət göstərmiş Xalq artisti, kinorejissor Əbdül Mahmudov iştirak etdiyi “Dağlarda döyüş” və “Axırıncı aşırım” filmlərinin çəkilişləri haqqında xatirələrini bölüşüb.
Sənətkarın ailəsi adından çıxış edən qızı Aygün Rüstəmbəyova atasının xatirəsinə göstərilən diqqətə görə tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Qeyd edək ki, 1960-cı ildə quruluş verdiyi “Aygün” filmi ilə uğur qazanan K.Rüstəmbəyovun kino yaradıcılığına beş bədii film (“Zəncirlənmiş adam”, “Dağlarda döyüş”, “Axırıncı aşırım”, “Dərviş Parisi partladır” (rejissor Şamil Mahmudbəyovla birgə), “Gözlə məni”), bir televiziya filmi, film-konsert (“Mahnı qanadlarında”) və bir sıra sənədli filmlər daxildir.