Logo

"Magistratura təhsil haqları çox yüksəkdir, azaldılmalıdır"

08.12.2024 14:54 327 baxış
IMG

"Magistratura təhsil haqları çox yüksəkdir, azaldılmalıdır".

Musavat.com bildirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert qeyd edib ki, bu sahədə bir neçə islahata ehtiyac var:

"Azərbaycan ali təhsil müəssisələrində magistr təhsili bakalavr təhsilindən kifayət qədər fərqlənmir və bu mərhələni sadəcə onun davamı kimi qəbul etmək ciddi problemlərə yol açır. Magistrantların hər semestr çox sayda imtahan verməsi, kollokviumlar, gündəlik qiymətləndirmələr və fərdi işlərlə yüklənməsi tədqiqat yönümlü təhsilin inkişafına mane olur. Halbuki, magistratura əsasən tədqiqat bacarıqlarının formalaşdırılması və elmi fəaliyyətə hazırlıq üçün nəzərdə tutulub.

Magistrantlar tədqiqat işlərinə yönəldilməli və hər semestrin sonunda elmi məqalələrini beynəlxalq jurnallarda çap etdirmələri və ya nüfuzlu konfranslarda təqdim etmələri təmin edilməlidir. Bunun üçün gündəlik qiymətləndirmə və cari yüklənmələr ləğv edilməli, tədqiqat əsaslı fəaliyyətlərə üstünlük verilməlidir. Bu yanaşma onların beynəlxalq arenada rəqabətə davamlı olmasını təmin edər.

Magistratura təhsil haqları çox yüksəkdir və bu, tələbələrin həm elmi fəaliyyətlərini, həm də ümumilikdə təhsilə marağını azaldır. Təhsil haqları azaldılmalı və magistrantlar üçün qrant layihələri yaradılmalıdır ki, onların tədqiqat işləri maliyyə dəstəyi ilə təmin olunsun. Eyni zamanda, humanitar sahələr üzrə plan yerləri azaldılmalı, əmək bazarının tələblərinə uyğun olaraq texnologiya, kənd təsərrüfatı, iqtisadiyyat və informasiya təhlükəsizliyi sahələrində yerlər artırılmalıdır.

Magistr imtahanları yalnız ixtisas və xarici dil üzrə keçirilməlidir. Bu yanaşma magistratura təhsilinin əsas mahiyyətini, yəni dərin ixtisaslaşma və beynəlxalq səviyyədə inteqrasiyanı təmin edər. Azərbaycan magistratura təhsili beynəlxalq təcrübələrə uyğun yenidən qurulmalıdır ki, bu təhsil səviyyəsi həqiqətən də elmi-tədqiqat bacarıqlarını inkişaf etdirən və yüksək ixtisaslı mütəxəssislər yetişdirən bir mərhələ olsun".

Xalidə Gəray,

Xəbər lenti