Logo

ADA Universitetinin 3-cü Məzun Forumu İtaliyada keçirilib

09.12.2024 09:28 103 baxış
IMG

ADA Universitetinin 3-cü Məzunlar Forumu Avropada, İtaliyanın paytaxtı Romada keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, “İlhamlandır. Təsir et. Dəyişdir” başlığı altında keçirilən forum dekabrın 8-i Azərbaycan Mədəniyyət Mərkəzində baş tutub. ADA Universitetinin təşkilatçılığı, İnkişaf və Diplomatiya İnstitutunun, ADA Universiteti Fondunun, KOLİN, Azərbaycan Gənclər Fondu və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) dəstəyi ilə təşkil olunan forum ADA məzunlarını, idarəetmə, eləcə də professor-müəllim heyətinin üzvlərini bir araya gətirib.

Forum iştirakçıları universitetin planlarını, daim inkişaf edən əmək bazarının indiki və gələcək trendlərini, yeni tendensiyalarını, çətinliklərini və imkanlarını müzakirə ediblər. İştirakçılar, həmçinin məzunların mobilliyini təmin edəcək layihələr üzrə əməkdaşlıq imkanları barədə düşüncələrini bölüşüblər.

Forum Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanovun və Romadakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Gülnar Tağızadənin salamlama nitqləri ilə davam edib.

Daha sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Tural Məmmədov və Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov çıxış ediblər.

ADA Universitetinin akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov təhsil ocağının inkişaf planlarına dair ümumi məlumat verib və gələcək üçün strateji hədəflərini açıqlayıb. Onun moderatorluğu ilə keçirilən “İş mühitinin gələcəyi: Universitetlər necə uyğunlaşmalıdırlar?” mövzusundakı sessiyada təhsilə və əmək bazarının inkişafına təsir edən faktorlar müzakirə olunub.

Universitetin dosenti Anar Vəliyevin “ADA məzunlarının daha güclü təsir üçün hərəkətə gətirilməsi” mövzusundakı sessiyasında isə məzunları daha fəal əməkdaşlığa sövq etmək üçün nəzərdə tutulan innovativ layihələr ətrafında fikir mübadiləsi aparılıb.

ADA Məzunları Assosiasiyasının İdarə Heyətinin üzvü Səbuhi Xəlili deyib: “Forum məzunların bir-biri ilə əlaqələrinin yenidən qurulması üçün əla fürsətdir. Bu tədbir bizə tələbəlik günlərimizin mehriban ab-havasını canlandırmağa, ADA Universitetinin böyüməsinə və ümumilikdə isə cəmiyyətin inkişafına öz töhfəmizi verməyə ruhlandırır”.

Qeyd edək ki, ADA Universiteti Məzunlarının Forumu hər il 100-dək məzunun iştirakı ilə müxtəlif ölkələrdə keçirilir və tədbir zamanı birgə fəaliyyət istiqamətləri müzakirə edilir.

Xəbər lenti