Logo

ADPU-da tələbələrin fərdi inkişafına dəstək verən layihələr davam edir

09.12.2024 10:00 86 baxış
IMG

Dekabrın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbələrin intellektual və yaradıcı potensiallarının dəstəklənməsi, şəxsi inkişaf və dil biliklərinin təkmillşdirilməsinə yönəlmiş silsilə layihələrin növbəti mərhələsi baş tutub.  

ADPU Təhsil Könüllüləri Tələbə Birliyinin (TKTB) nəzdində fəaliyyət göstərən Dil və Musiqi dərnəklərinin növbəti dərsləri təşkil edilib. Dərnəklər çərçivəsində Məktəbəqədər təhsil fakültəsinin tələbəsi Aydan Süleymanlı tərəfindən piano, İncəsənət və fiziki tərbiyə fakültəsinin tələbəsi Mənzər Verdiyeva tərəfindən rəqs, fakültənin digər tələbəsi Arzu Orucəliyeva tərəfindən rus dili, Kimya və biologiya fakültəsinin tələbəsi Ləman İsmayılova tərəfindən isə alman dili dərslərinin növbəri məşğələləri tədris edilib.  

ADPU YENİ Klubun təşkilatçılığı ilə tələbələrə danışma və eşitmə qabiliyyəti məhdud olan şəxslərlə danışmaq üçün işarə dilini öyrənməklə bağlı seminar keçirilib. Seminarda tələbələrə işarə dilində hərflər, sözlər və söz birləşmələri öyrədilib.

ADPU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) də həftəyə maraqlı layihələrlə yekun vurub. Təşkilatın nəzdində fəaliyyət göstərən Musiqi klubu tərəfindən təşkil edilən gitara və skripka dərsləri, eləcə də "Kaspi" klubu tərəfindən keçirilən rus dili və ingilis dili dərsləri tələbələr tərəfindən böyük maraqla qarşılanıb.  

Tələbə Gənclər Təşkilatının (TGT) İdarə Heyəti isə təşkilatın aylıq fəaliyyətini dəyərləndiriblər. ADPU TGT-nin aylıq hesabat iclası çərçivəsində təşkilatın son ay ərzində həyata keçirdiyi tədbir və layihələrin hesabatı dinlənilib, növbəti ay üçün fəaliyyət istiqamətləri müzakirə edilib. TGT-nin sədri Çiçək Sultanlı gələcək fəaliyyət strategiyası və strukturun səmərəliliyinin artırılması ilə bağlı məruzə ilə çıxış edib, struktur rəhbərlərinin rəy və təklifləri dinlənilib.

Gün ərzində icra edilən bütün layihələrdə iştirak edən ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, eləcə də Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisi İsmayıl Nəsirov və ADPU-nun Heydər Əliyev Mərkəzinin mütəxəssisi Tərlan Ağayev də gənclərə dəstəklərini ifadə edərək, tələbələrin asudə vaxtlarının səmərəli təşkili, onların hərtərəfli inkişafının təmini istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətini diqqətə çatdırıblar.

Xəbər lenti