Logo

Gəncə Dövlət Universiteti “TələbəPlus” layihəsinə qoşulub

09.12.2024 17:08 107 baxış
IMG

Təhsilin İnkişafı Fondunun (TİF) rəhbərliyi və “Kapital Bank”ın nümayəndələri Gəncə Dövlət Universitetində (GDU) olublar.

TƏHSİL.BİZ-in bölgə müxbiri xəbər verir ki, universitetin rektoru Yusif Yusibov Azərbaycan dövlətinin təhsilin inkişafına verdiyi xüsusi önəmdən və gənclərə yaradılan imkanlardan danışıb.

Vurğulanıb ki, təhsilin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir. Rektor ali təhsil ocağının fəaliyyət istiqamətləri, yeniliklər və prioritetlər barədə də məlumat verib.

Görüşdə Gəncə Dövlət Universiteti ilə Təhsilin İnkişafı Fondu arasında gələcəkdə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məsələsi müzakirə olunub, yaxın zamanlarda əməkdaşlıq çərçivəsində GDU-da elektron kitabxana və Davamlı İnkişaf Mərkəzinin yaradılacağı bildirilib.

Daha sonra Təhsilin İnkişafı Fondunun rəhbərliyi və “Kapital Bank”ın nümayəndələri müəllim və tələbələrlə görüş keçirib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov çıxış edərək fond tərəfindən həyata keçirilən layihələr haqqında məlumat verib. Diqqətə çatdırıb ki, fondun əsas missiyası Azərbaycanda təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələrin dəstəklənməsi, dövlət təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılması yolu ilə təhsilin dayanıqlı inkişafına nail olmaqdır.

Görüşdə “TələbəPlus” layihələrinin önəmindən də bəhs olunub. Bildirilib ki, “TələbəPlus” layihəsi çərçivəsində müxtəlif alış-veriş və iaşə obyektlərində tələbələrin güzəştlər əldə etməsi üçün Təhsilin İnkişafı Fondunun öz tərəfdaşları ilə birlikdə 250-dən çox şirkətlə razılaşma əldə edilib. Bundan əlavə, Mədəniyyət Nazirliyi ilə əldə olunan ilkin razılaşmaya əsasən, muzeylər, qalereyalar və sərgi salonlarında tələbələr üçün xüsusi güzəştlər nəzərdə tutulur.

Tədbirin gedişatında Təhsilin İnkişafı Fondunun fəaliyyətinə dair videoçarx izlənilib.

Yekunda Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov və Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov “TələbəPlus” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsinə imza atıblar.

Xəbər lenti