Bakı Mühəndislik Universitetində (BMU) Yeni Azərbaycan Partiyası (YAP) Xırdalan şəhər 40 saylı ərazi təşkilatı ilə birgə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
BMU-dan TƏHSİL.BİZ-ə bildirilib ki, əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Sonra böyük tarixi şəxsiyyətin zəngin fəaliyyətinə dair videoçarx nümayiş olunub.
Tədbirdə BMU-nun rektoru Yaqub Piriyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev siyasi fəaliyyəti boyu milli dəyərləri ilə tanınan, xarici dövlətlər arasında özünə layiqli yer tutan güclü Azərbaycan naminə böyük əzmlə çalışıb və dönməz prinsipləri, misilsiz tarixi xidmətləri ilə adını dünyada ən nüfuzlu liderlər cərgəsinə daxil edib. Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövrünə toxunan rektor 15 mindən artıq Azərbaycan gəncinin keçmiş SSRİ-nin adlı-sanlı ali məktəblərinə təhsil almağa göndərilməsini, milli kadrların hazırlanmasını, milli dilin inkişaf etdirilməsini və dövlət strukturlarında azərbaycanlı məmurların irəli çəkilməsi kimi xidmətlərini Ulu Öndərin gələcəyin müstəqil Azərbaycanı üçün atdığı olduqca mühüm addımlar kimi səciyyələndirib. Böyük liderin əsasını qoyduğu xaricdə təhsil ənənəsinin bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini vurğulayan rektor yeni dövlət proqramlarının qəbul olunduğunu və hər il yüzlərlə gəncin müxtəlif dünya universitetlərinə təhsil almağa göndərildiyini diqqətə çatdırıb. Yaqub Piriyev güclü vətənpərvərlik hislərinə malik gənc nəslin formalaşdırılması, intellektual potensialın milli maraqların həyata keçirilməsi istiqamətində səfərbər edilməsi, peşəkar ordu quruculuğu, milli həmrəyliyin təmin olunmasının Ulu Öndərin vəsiyyətinin yerinə yetirilməsinə, Qarabağın azadlığa qovuşmasına gətirib çıxardığını deyib. O, Heydər Əliyevin müəyyənləşdirdiyi müdrik siyasətin, bu siyasətin sadiqliklə davam etdirilməsinın Azərbaycanı əbədi qoruyacağını, müstəqil dövlətimizin memarı və qurucusunun tarixdə daim qalacağını vurğulayıb.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxışında Ulu Öndər Heydər Əliyevin idarəçiliyi ilə Azərbaycanın bütün sahələrdə qazandığı uğurları nəzərə çatdırıb, ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsində bu fenomenal şəxsiyyətin mühüm roluna toxunub. İcra başçısı öz xalqı üçün misilsiz işlər görən Ulu Öndərin hafizələrdən heç zaman silinməyəcəyini, hər zaman hörmətlə yad olunacağını söyləyib, eyni zamanda, onun adını daşıyan Heydər Əliyev Fondunun humanitar istiqamətli fəaliyyətini, ölkənin sosial-iqtisadi inkişafında gördüyü mühüm işləri diqqətə çatdırıb.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə isə Ulu Öndər Heydər Əliyevin Azərbaycanı güclü təməllər üzərində inkişaf etdirdiyini, dövlət maraqlarını daim qoruduğunu, milli həmrəyliyə nail olduğunu vurğulayıb. O, Heydər Əliyevin Azərbaycanın beynəlxalq siyasi və iqtisadi təşkilatlarla əməkdaşlığının qurulmasına nail olaraq ölkəmizi dünyada tanıtdığını deyib, həmçinin tarixi şəxsiyyətin ordu quruculuğu istiqamətində gördüyü mühüm işləri sadalayıb.
Sonda YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev çıxış edərək Heydər Əliyevin unikal şəxsiyyət, güclü iradə sahibi və siyasət ustası kimi böyük heyranlıq yaratdığını, mükəmməl xarici, həmçinin daxili siyasətinin Azərbaycana qazandırdığı uğurların qürurverici olduğunu deyib. O, Azərbaycanı qüdrətli dövlətə, beynəlxalq auditoriyalarda söz sahibinə çevirən Heydər Əliyevin həyatının çağdaş gəncliyə və bütün gələcək nəsillərə örnək olacağını vurğulayıb.