Logo

Azərbaycan Universiteti Gürcüstanda keçiriləcək beynəlxalq müsabiqədə təmsil olunacaq

10.12.2024 11:33 93 baxış
IMG

Azərbaycan Universitetinin İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin tələbələri – Alican Mikayılov, Hüseynqulu Rzayev və Ülvi Sadıqzadədən ibarət komandası Universitet Tələbələrinin Proqramlaşdırma üzrə Beynəlxalq Müsabiqəsinin (International Collegiate Programming Contest / ICPC) Qafqaz regionu üzrə mərhələsində 3-cü dərəcəli diploma layiq görülüblər. Tələbələrə diplomlarını Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva təqdim edib.

Bu barədə TƏHSİL.BİZ-ə Azərbaycan Universitetindən məlumat verilib. Bildirilib ki, komanda əldə etdiyi nəticəyə əsasən qeyd olunan müsabiqənin dünya çempionatı üzrə yarımfinalına da vəsiqə qazanıb. Müsabiqənin yarımfinal mərhələsi və Cənubi Qafqaz açıq çempionatı dekabrın 13-dən 15-dək Gürcüstanda keçiriləcək. Komanda bu həftə Gürcüstana yola düşəcək.

Rektor təqdimetmə mərasimindən əvvəl komandanın üzvləri ilə görüşüb. Görüşdə tələbələrin beynəlxalq olimpiadalarda iştirakının əhəmiyyətini vurğulayan rektor onlara müsabiqənin yarımfinal mərhələsində uğurlar arzulayıb.

Komandanı beynəlxalq müsabiqəyə İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev ilə Riyaziyyat və informatika kafedrasının müəllimi Əli Qurbanov hazırlayıb. Komandanın rəhbərləri də eyni dərəcəli diploma layiq görülüblər.

Qeyd edək ki, 49-cu dəfə keçirilən ICPC dünyada tələbələr üçün nəzərdə tutulan nüfuzlu alqoritmik proqramlaşdırma müsabiqəsidir. Müsabiqə dünyada iştirakçıların sayına, elmi və texnoloji səviyyəsinə görə ən nüfuzlu müsabiqələrdən biri hesab olunur.

Xəbər lenti