Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Müasir təlim texnologiyalarına və beynəlxalq təcrübəyə əsaslanan yeni məzmunlu təhsilin ADPU-da tətbiqi” layihəsi üzrə hazırlanmış nümunəvi dərslərin təqdimatı keçirilib. Təqdimatda ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işlər üzrə prorektor dosent Eldar Aslanov, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov və universitetin professor-müəllim heyəti iştirak edib.
Bu barədə TƏHSİL.BİZ-ə universitetdən məlumat verilib.
Tədbirdə ADPU-nun Elmi-Tədqiqat Mərkəzinin (ETM) müdiri dosent Ərəstun Mehdiyev layihə və nümunəvi dərslər barədə məlumat verib. Ə.Mehdiyev qeyd edib ki, bu layihə ETM tərəfindən 2021-ci ildən həyata keçirilir. İlkin olaraq Tarix və coğrafiya və Filologiya fakültələrində tətbiq edilən layihə sonrakı illərdə digər fakültələrdə də icra edilməyə başlanılıb. Layihə çərçivəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, tədris prosesinə müasir yanaşmaların gətirilməsi məqsədilə müxtəlif araşdırmalar aparılıb, müzakirələr keçirilib, qabaqcıl təcrübələr və yeni dərs modelləri tətbiq edilib.
Elmi-Tədqiqat Mərkəzinin Tətbiqi tədqiqatlar bölməsinin müdiri dosent Gülşən Novruzova qeyd edib ki, layihə çərçivəsində mütəmadi olaraq problem həlletmə, həyatla əlaqəli və situativ dərslər hazırlanır.
Daha sonra Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müəllimi Əliəşrəf Abdulrazaqov “Müstəmləkəçilik və qloballaşma tarixi fənninə giriş”, İbtidai təhsilin pedaqogikası kafedrasının müəllimi Günel Məmmədova “Tərbiyə işində valideyn-övlad münasibətlərinin pedaqoji əsasları”, Ümumi psixologiya kafedrasının müəllimi Gülər Məmmədova “Şəxsiyyətin ertələmə (təxirəsalma) effektinin psixoloji təhlili” mövzusunda nümunəvi dərs təqdim ediblər.
Təqdimatın sonunda nümunəvi dərslər müzakirəyə çıxarılıb, iştirakçıların fikir, irad və təklifləri dinlənilib.