Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasında Demoqrafiya və əhali coğrafiyası şöbəsinin 2024-cü il üçün elmi və elmi-təşkilatı fəaliyyəti haqqında hesabatı dinlənilib.
Bu barədə TƏHSİL.BİZ -ə institutdan məlumat verilib.
Şöbə müdiri, Coğrafiya İnstitutunun baş direktoru professor Zakir Eminov cari ildə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin demoqrafik inkişafı və yenidən məskunlaşmasının prioritet istiqamətləri” mövzusu üzrə “Şərqi Zəngəzur iqtisadi rayonunun demoqrafik inkişafı və yenidən məskunlaşmasının prioritet istiqamətləri” adlı elmi tədqiqat işi barədə danışıb. Qeyd edib ki, keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı mərhələli şəkildə həyata keçirilir. Həmçinin bildirilib ki, 2023-cü ildə ümumi, şəhər və kənd əhalisi üzrə doğum və təbii artım əmsalları ölkə üzrə orta göstəricilərdən yuxarıdır.
Diqqətə çatdırılıb ki, cari ildə şöbənin əməkdaşları “Ağdam inzibati rayonu”, “Azərbaycanda coğrafiya elminin nailiyyətləri və prioritet inkişaf istiqamətləri”, “Qarabağ iqtisadi rayonunun demoqrafik inkişafı və yenidən məskunlaşması” monoqrafiyalarının hazırlanmasında yaxından iştirak ediblər. Şöbə tərəfindən “Qeoqrafiya i etnos tyurkskoqo mira” kitabının 3-cü cildi (təkrar nəşr) və 6-11-ci siniflər üçün Azərbaycan və rus dilində “Atlas” işlənərək çap edilib, “Coğrafiya terminlərinin izahlı lüğəti” və “Coğrafiya” test topluları hazırlanaraq nəşrə təqdim olunub.
Azərbaycanın məşhur səyyahı H.Z.Şirvaninin iki kitabı professor Z.Eminov tərəfindən hazırlanaraq nəşr edilib.
Şöbə müdiri elmi işçilərin layihə və qrantlarda, konfrans və seminarlarda iştirakı, şöbənin plandan əlavə gördüyü işlər, beynəlxalq əlaqələri, elmlə təhsilin qarşılıqlı əlaqəsi, eləcə də əməkdaşların ayrı-ayrılıqda elmi fəaliyyəti haqqında ətraflı məlumat verib.