Dekabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatının 2024-cü il üzrə fəaliyyətinin yekunlarına dair hesabat iclası keçirilib.
AMEA-dan TƏHSİL.BİZ-ə bildirilib ki, “Elm” nəşriyyatının direktoru Səbuhi Qəhrəmanov hesabat məruzəsini təqdim edib. Bildirib ki, nəşriyyat cari il üçün müəyyən olunmuş tematik plana əsasən elmin ayrı-ayrı sahələrinə dair monoqrafiyalar, seçilmiş əsərlər, soraq-məlumat ədəbiyyatları, çoxcildlik əsərlər, elmi-kütləvi kitablar, biblioqrafik göstəricilər, elmi jurnallar və s. çap edib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində nəşriyyatda “Azərbaycanın bitki örtüyü” monoqrafiyası, “Azərbaycan ekologiyası” adlı biblioqrafik göstərici, “Təbiət də bir kitabdır”, “Qlobal ekoloji problemlər” kitabları, “Heydər Əliyev və müasir biologiya elminin inkişafı: nailiyyətlər və çağırışlar” mövzusunda beynəlxalq konfransın materialları işıq üzü görüb. Müəssisədə “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından elmimizin inkişafında böyük xidmətləri olan görkəmli alimlərə həsr edilmiş 20-yə yaxın biblioqrafik göstərici, həmçinin çoxcildlik əsərlər, müxtəlif sahələrə dair monoqrafiyalar və digər kitablar çap olunub.
Qeyd olunub ki, nəşriyyat Bakı Beynəlxalq Kitab Sərgisində fəal iştiraka görə sertifikata layiq görülüb.
İclasda bildirilib ki, nəşriyyatın Avropa Elmi Redaktorlar Assosiasiyası (EASE) ilə əməkdaşlığı uğurla davam etdirilib. Elmi tədqiqatların səmərəliliyinin artırılması işinə töhfə vermək məqsədilə EASE Azərbaycan bölməsində bir sıra tərcümə məqalələri yerləşdirilib. S.Qəhrəmanov Azərbaycan bölməsinin rəhbəri kimi qurumun il ərzində keçirdiyi “EASE-nin 14-cü Baş Assambleya və Konfransı”, “Texnologiya və dil modelləri ilə bağlı EASE panel müzakirəsi”, “Elmi jurnallarının redaktorları və naşirləri üçün seminar” və digər tədbirlərə onlayn qoşulub. EASE Azərbaycan bölməsinin fəaliyyətini yüksək qiymətləndirib və bölmənin sədri Səbuhi Qəhrəmanov Nəşr Etikası Komitəsinə (COPE) üzv seçilib.
2024-cü ildə AMEA-nın yeni loqotipinin – embleminin hazırlanması üçün keçirilmiş müsabiqədə “Elm” nəşriyyatının baş dizayneri Şəlalə Rüstəmova da iştirak edib. Nəşriyyat əməkdaşının müəllifi olduğu ümumiləşdirilmiş loqo qalib seçilərək Rəyasət Heyətinin qərarı ilə Akademiyanın yeni loqosu kimi təsdiq olunub.
S.Qəhrəmanov müəssisənin cari ildəki nəşr fəaliyyətini əks etdirən bir sıra məlumatları da diqqətə çatdırıb.
Sonda hesabat ətrafında geniş müzakirə aparılıb, suallar cavablandırılıb. Nəşriyyatın cari ildəki fəaliyyəti yüksək qiymətləndirilib.