Dekabrın 10-da Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşları ilə birlikdə beynəlxalq reytinqlərdə iştirak mövzusunda təqdimat keçirilib. Tədbirdə beynəlxalq reytinqlərdə iştirakın əhəmiyyəti, bu prosesin universitetimiz üçün yaratdığı imkanlar və dəstəkləmə yolları ətraflı müzakirə olunub.
Təqdimatda İnformasiya Texnologiyaları İnstitutunun gənc elmi tədqiqatçıları və əməkdaşları ilə yanaşı, ADNSU-dan layihələr üzrə menecer Elmar Quliyev, beynəlxalq layihələr üzrə menecer Orxan Nəbiyev, Elm və Təhsil Analitik Mərkəzinin Daxili keyfiyyət təminatı sektorunun rəhbəri Rəşad Şixiyev və Strategiya və təbliğat sektorunun mütəxəssisi Şamil Əhmədov iştirak ediblər.
Təqdimat zamanı beynəlxalq reytinqlərdə aktiv iştirakın elmi nailiyyətlərin tanınmasında, akademik mübadilələrin genişlənməsində və universitetlərarası əməkdaşlıqların artmasında mühüm rol oynadığı vurğulanıb. Həmçinin, belə görüşlərin gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsinə və elmi nailiyyətlərin inkişafına töhfə verəcəyi qeyd olunub.