BSU-da “Asılılıq və onun insan həyatına təsiri” mövzusunda seminar keçirilib
Dekabrın 10-da Bakı Slavyan Universitetinin (BSU) Erasmus auditoriyasında RESTART Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə “Asılılıq və onun insan həyatına təsiri. Asılılıqdan sağalma. 12 addım proqramı. Cəmiyyətin asılı insana münasibəti” mövzusunda seminar keçirilib.
Seminarın açılışını edən BSU-nun Pedaqogika və Psixologiya kafedrasının müdiri Piralı Əliyev giriş nitqində bu cür maarifləndirici tədbirlərin gənclər arasında psixoloji sağlamlığın qorunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Seminarda klinik psixoloq Heyran İbrahim asılılıq problemləri, onun cəmiyyət və insan həyatına təsirləri barədə geniş məlumat verərək, mövzunun elmi əsaslarını izah edib. Daha sonra RESTART Reabilitasiya Mərkəzinin asılılıq üzrə mütəxəssisi Tağı Abbaszadə “12 addım proqramı” və asılılıqdan sağalma prosesində cəmiyyətin rolu barəd məlumat verib.
Daha sonra seminar iştirakçıları arasında fəal müzakirələr aparılıb, qonaqlar tələbələrin mövzu ilə bağlı suallarını ətraflı cavablandırıb.
Tədbirin sonunda seminarda iştirak edən tələbələrə sertifikatlar təqdim edilib.