Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Yüksəliş” müsabiqəsinin qalibi olmuş UNEC məzunları ilə görüş keçirilib.
Bu barədə universitetdən TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini Fərhad Hacıyevin iştirakı ilə keçirilən görüşdə rektor professor Ədalət Muradov qalibləri əldə etdikləri nailiyyət münasibətilə təbrik edərək, gələcəyin aparıcı idarəedicilərinə fəaliyyətlərində uğurlar arzulayıb.
UNEC məzunlarının əldə etdikləri uğurlarla hər zaman qürur duyduğunu deyən rektor, məzunlarla universitet arasında əlaqələrin genişləndirilməsinin, eləcə də universitet-sənaye işbirliyinin əhəmiyyətindən danışıb. Professor Ədalət Muradov ölkə Prezidenti tərəfindən UNEC-in dünya səviyyəli unversitet olması ilə bağlı verdiyi tapşırıqdan və bu tapşırığın icrası istiqamətində “UNEC-100” İnkişaf Strategiyası çərçivəsində görülmüş işlərdən də danışıb.
Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev UNEC-də tətbiq olunan yenilikləri yüksək qiymətləndirərək, “Yüksəliş” müsabiqəsinin qalibləri arasında da ən çox payın məhz UNEC məzunlarından ibarət olduğunu diqqətə çatdırıb. F.Hacıyev müsabiqə qalibləri tərəfindən UNEC tələbələri üçün mentorluq keçmələri ilə bağlı təşəbbüslə çıxış edib.
Sonra “Yüksəliş” müsabiqəsinin qaliblərinin təhsilin keyfiyyət kontenti, sahibkar universitet modeli, əmək bazarının tələbələrinə uyğun mütəxəssis hazırlığı və digər sualları rektor tərəfindən cavablandırılıb, həmçinin təhsilin keyfiyyətinin artırılması ilə bağlı maraqlı müzakirələr aparılıb.