Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin hələ birinci dövründə respublikada güclü iqtisadi potensial yaratdı. O, 1969-1982-ci illərdə çoxsaylı sənaye müəssisələrinin tikintisi üçün mərkəzdən vəsaitlər ayrılmasına nail oldu, əvvəlki 50 ildə tikilən müəssisələrin sayından qat-qat çox - 250-dən çox zavod, fabrik və digər istehsalat sahələri tikilib istifadəyə verildi. Bakı ilə yanaşı, Naxçıvanda, Gəncədə, Mingəçevirdə, Lənkəranda, Xankəndidə bir-birinin ardınca elektronika, elektrotexnika, radiotexnika, cihazqayırma, dəzgahqayırma müəssisələri istifadəyə verildi.
Bu barədə TƏHSİL.BİZ-ə açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı tarix üzrə fəlsəfə doktoru Xalidə İbrahimova söyləyib.
Xalidə İbrahimova vurğulayıb ki, Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin məzunu olan Heydər Əliyev tarixi yazan deyil, tarixi yaradan oldu. Heydər Əliyevi ən çox maraqlandıran məsələlərdən biri də Azərbaycan tarixinin öyrənilməsi, tədqiqi və təbliği idi. Azərbaycanlıların soyqırımı, Qərbi Azərbaycan, Şimali Azərbaycan xanlıqlarının Rusiya imperiyası tərəfindən zəbt olunması, Azərbaycan Xalq Cümhuriyyəti haqqında həqiqətlərin üzə çıxarılmasını tarix elminin mühüm bir problemi kimi rəsmi şəkildə əsaslandırması, Hüseyn Cavidin nəşinin Azərbaycana gətirilməsi, “Kitabi-Dədə Qorqud”un 1300 illiyinin geniş miqyasda qeyd olunması Heydər Əliyevin Vətən sevgisinin zirvəsi, tariximizə və millətimizə böyük elmi xidmət nümunəsidir.
Heydər Əliyev bütün sahələr üzrə, xüsusən hərbi sahədə milli kadrların hazırlanması məqsədilə Moskvadakı bəzi qüvvələrin etirazına baxmayaraq Azərbaycanda hərbi məktəbin açılmasına nail oldu. Bununla yanaşı, 1969-1982-ci illərdə on mindən çox azərbaycanlı gənc keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərinə təhsil almağa göndərildi. Həmin məzunların əksəriyyəti müstəqil Azərbaycanın iqtisadiyyatının, elminin, təhsilinin inkişafında, dövlətçiliyinin möhkəmləndirilməsində bu gün də fəal iştirak edir.
Tarixçi-alim qeyd edib ki, 1982-ci ildə Heydər Əliyevin Sovet İttifaqında mühüm vəzifə postuna qalxması bütün müsəlman dünyasında qürur hissi ilə qarşılandı. “Heydər Əliyev Moskvada təkcə vəzifə səlahiyyətlərini həyata keçirməklə kifayətlənmədi, o, Qarabağ münaqişəsinin Kremlin siyasi mətbəxində hazırlanması prosesinin qarşısının alınmasında özünü Azərbaycan üçün sipər etdi”, - Xalidə İbrahimova vurğulayıb.
Müsahibimiz diqqətə çatdırıb ki, Heydər Əliyev 1990-1993-cü illərdə Naxçıvandakı fəaliyyəti dövründə Azərbaycandan ərazicə ayrı düşmüş Naxçıvanı qoruyub saxlamaqla yanaşı, muxtar respublikanın adından “sovet”, “sosialist” sözlərinin çıxarılmasına, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsinə nail oldu. Eyni zamanda, 20 Yanvar faciəsinə siyasi qiymət verilməsi, Naxçıvan əhalisinin SSRİ-nin saxlanılması barədə referendumda iştirakdan imtina etməsi, dekabrının 31-nin “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” kimi qəbul olunması gələcək dövlət quruculuğunda mühüm rol oynadı.
X.İbrahimova diqqətə çatdırıb ki, xalqın təkidi ilə Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın tarixində yeni mərhələnin başlanğıcı oldu. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. Xarizmatik şəxsiyyət, fenomenal siyasətçi olan Heydər Əliyev Azərbaycanı müstəqilliyini itirmək, daxildən parçalanmaq təhlükəsindən, xarici təhlükələrdən xilas edə bildi. Azərbaycanın başı üzərindəki qara buludları dağıdaraq ölkəni parçalamaq istəyən xarici qüvvələrə yerini göstərdi, qeyri-qanuni silahlı dəstələri zərərsizləşdirdi, separatçı meyillərə son qoyuldu. Təcavüzkar Ermənistanla atəşkəs elan olundu. Heydər Əliyev qeyd olunanların hamısına silah gücü ilə deyil, özünün məntiqi, sözünün gücü ilə nail oldu. Milli Ordunun formalaşdırılması istiqamətində mühüm işlər həyata keçirildi.
Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edən Heydər Əliyev “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi. Milli maraqlara əsaslanan Qərbə inteqrasiya yolunda onun iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi olan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi reallığa çevrildi. Neft amili Azərbaycanın həm də milli təhlükəsizlik faktoruna çevrildi.
Heydər Əliyev Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirdi. Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsini xarici siyasətin əsas prioritetinə çevirdi, 1993-2000-ci illərdə ABŞ rəhbərliyi ilə 18, Fransa rəhbərliyi ilə 16, Rusiya Federasiyası rəhbərliyi ilə 28, Türkiyə rəhbərliyi ilə 78 dəfə müzakirələr apararaq BMT-də Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin, bəyanatların qəbuluna nail oldu.
Milli ideologiyamızın Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş ən mühüm istiqamətlərindən biri azərbaycançılıq xəttidir. Onun Azərbaycan dili və əlifbası, xalqımızın mənəvi dəyərləri ilə bağlı imzaladığı tarixi fərman və sərəncamlar bu istiqamətdə olduqca əhəmiyyətli işlərin görülməsinə imkan yaratdı.
Heydər Əliyev İslam dininin insan mənəviyyatının saflaşdırıcı xüsusiyyətlərindən və mənəvi emosional gücündən milli birlik vasitəsi kimi səmərəli istifadə edilməsini azərbaycançılıq məfkurəsinin fundamental prinsiplərindən biri kimi qiymətləndirirdi. Ulu Öndər doğma Azərbaycanının gələcəyini heç vaxt unutmadı, inandığı və etibar etdiyi xalqına müraciət ünvanlayaraq onun axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyevin başa çatdıra biləcəyini, ona özü qədər inandığını və gələcəyinə böyük ümidlər bəslədiyini bəyan etdi. 2003-cü ildən sonrakı hadisələr dahi Heydər Əliyevin uzaqgörənliyini bir daha təsdiqlədi. Ulu Öndər Heydər Əliyevin siyasi varisi olan Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Qarabağın azad edilməsinə nail oldu; 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu Ermənistanın 30 illik işğalına son qoydu, Azərbaycan xalqının milli qürurunu bərpa etdi.