Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib "Mənim şagird dostlarım" layihəsi icrasını davam etdirir.
TƏHSİL.BİZ xəbər verir ki, layihənin məqsədi 1-ci sinif şagirdləri arasında “Dost şəxsiyyəti formalaşdıran bacarıqlar” fəaliyyətlərinin təşkil edilməsi, onların qısnama və zorakılıq hallarının öhdəsindən “dostcasına” gəlməsi üçün psixo-emosional sağlam formalaşmasına nail olmaq, bununla da, təhlükəsiz və dəstəklənən mühitdə təhsil almasına şərait yaratmaqdır.
Layihə çərçivəsində ilkin olaraq məktəbin ibtidai sinif şagirdləri arasından 30 şagird (şagirdləri bundan sonra “şagird dostlar” adlandıracaq) müəyyənləşdirilib. Şagird, valideyn və müəllimlərlə işləmək üçün təlim və fəaliyyətlərin proqramı, ünsiyyət oyunları nəzərdə tutulub. 3 aylıq layihə müddətində şagirdlər “Hamı belə etsə”, “Hamı belə danışsa”, “Hamı belə davransa” davranış qaydalarına yiyələnəcəklər.
Layihənin icrası zamanı qısnama və zorakılıq hallarını önləmək üçün “Şəxsiyyətyönümlü inkişaf” təlimlərinə şagirdləri və valideynlərinin cəlbinin təşkil edilməsi nəzərdə tutulub.
İrəliləyişlər müşahidə olunduqca, “Şagird dostlar”ın digər sinif şagirdləri ilə “dəyərlər və inkişaf” məzmununda müzakirə və görüşlər təşkil ediləcək. Bundan əlavə, “Hamı belə etsə”, “Hamı belə danışsa”, “Hamı belə davransa” maarifləndirici, təşviqat videolarının “Şagird dostlar”ın iştirakı ilə hazırlanaraq KİV-də nümayiş olunması planlaşdırılıb.
Xatırladaq ki, adıkeçən layihə Dürdanə Vəliyeva tərəfindən icra edilir.