Logo

Turizm və Menecment Universiteti İsveçdə keçirilən beynəlxalq tədbirdə təmsil olunub

11.12.2024 16:28 88 baxış
IMG

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsi çərçivəsində İsveçdə keçirilən genişmiqyaslı beynəlxalq tədbirdə təmsil olunub.

Universitetdən TƏHSİL.BİZ-ə bildirilib ki, tədbirin əsas məqsədi Azərbaycanın ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi, akademik heyətin və tələbələrin sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi, eyni zamanda, innovativ yanaşmanın təkmilləşdirilməsi olub.

Görüşün ilk günündə layihənin əsas məqsədləri və perspektivləri ətraflı müzakirə olunub. İsveçin sahibkarlıq təhsili sahəsindəki təcrübəsi diqqətə çatdırılıb. Gənclər arasında sahibkarlıq bacarıqlarının və innovativ düşüncə tərzinin inkişaf etdirilməsinə dair tətbiq olunan strategiyalar haqqında məlumat verilib.

Sonrakı günlərdə İspaniya, Portuqaliya, Polşa və Estoniyadan olan ekspertlər öz ölkələrinin ali təhsildə təşəbbüskarlıq və innovativ yanaşmalarına dair təcrübələri barədə xüsusi təqdimatlarla çıxış ediblər.

Daha sonra bu təqdimatlar əsasında müzakirələr baş tutub.

Səfər zamanı Azərbaycan ali təhsil məkanı üçün innovativlik strategiyasının hazırlanması və müvafiq istiqamətlər üzrə mükafatların təsis edilməsi ilə bağlı müzakirələr aparılıb, komandalar formalaşdırılıb, eləcə də komandaların iş planı təsdiqlənib.

Xatırladaq ki, layihənin Avropa İttifaqından olan tərəfdaşları İsveçin KTH Kral Texnologiya Universiteti, Portuqaliyanın Lissabon Universiteti, İspaniyanın Kataloniya Politexnik Universiteti, Estoniyanın Tallin Texnologiya Universiteti və Polşanın WSG Universitetidir.

Xəbər lenti