AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi Samid Bağırovun “Şah İsmayılın həyatı (“Fütuhati-şahi” və “Həbibüs-siyər” əsərləri əsasında)” monoqrafiyası çapdan çıxıb.
İnstitutdan TƏHSİL.BİZ-ə bildirilib ki, əsərin səfəvişünaslığa gətirdiyi yenilik şahın həyatının ən erkən iki Səfəvi qaynağına əsasən araşdırılmasıdır. Bunlar “Fütuhati-şahi” və “Həbibüs-siyər” mənbələridir. Həmin əsərlər Azərbaycan səfəvişünaslığında indiyədək müstəqil və geniş şəkildə tədqiqata cəlb edilməyib. Şah İsmayılın həyatını bu iki əsərə əsasən araşdırmağın bir özəlliyi də onları yazan münşilərin daha obyektiv mövqeləridir. Belə ki, sözügedən iki əsərin müəllifləri Qiyasəddin Xandəmir və İbrahim Əmini Hərəvi Səfəvi sarayına gəlmədən öncə Teymuri dövləti sarayında müxtəlif vəzifələri daşıyıblar. Demək olar ki, onların dini, siyasi və məzhəbi düşüncələri Səfəvi sarayında deyil, Teymuri dövləti sarayında formalaşıb.
Monoqrafiya giriş, 8 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Fəsillərdə “Fütuhati-şahi” və “Həbibüs-siyər” əsərlərinin elmi dəyəri göstərilir. Səfəvilərin soy kökündən bəhs edilir və Şah İsmayılın təriqətdən hakimiyyətə gedən yoluna nəzər salınır. Həmçinin fəsillərdə Şah İsmayılın fəth etdiyi ərazilərdən, Osmanlı dövləti ilə münasibətlərindən, Çaldıran döyüşündən sonrakı vəziyyətdən, habelə Səfəvi dövründə dinə münasibətdən bəhs edilir.