- Azərbaycan müəllimlərinin ayrı-ayrı dəstələri və Müəllimlər Şurası bir neçə dəfə mənə müraciət edib mənimlə görüşmək istədiklərini bildirmişlər. Mən də həmişə müəllimlərlə görüşmək istəmişəm. Yadınızda olar, bir dəfə müəllimlərlə, xüsusən bizim müəllimlər ordusunun əsasını təşkil edən orta məktəb müəllimləri ilə böyük bir görüş keçirdik. Mən o vaxt da təhsilimizə, müəllimlərimizə dövlətin münasibətini, o cümlədən öz münasibətimi bildirdim və cəmiyyətimizin bu hissəsinin Azərbaycan üçün, dövlətimiz üçün nə dərəcədə gərəkli və əhəmiyyətli olduğunu söylədim. Son vaxtlar mənə gələn xahişlərə əsaslanaraq, bu gün mən müəllimlərin bir qrupu ilə görüş təşkil etmişəm. Budur, siz indi bu görüşə toplaşmısınız. Hamınızı və sizin simanızda bütün Azərbaycan müəllimlərini salamlayıram, təhsil sahəsində çalışanların hamısına hörmət və ehtiramımı bildirirəm.
İndi Azərbaycanın həyatında çox ağır və çətin problemlər var. Onlardan biri də təhsil sahəsində yaranmış mürəkkəb vəziyyətdir. Biz bu problemləri həll etməyə çalışırıq. Ancaq müəyyən obyektiv, bəzən də subyektiv səbəblərə görə onların həlli ləng gedir, həll edildikdə də istənilən səviyyədə olmur. Eyni zamanda hər bir məsələni həll etmək üçün məsləhət də, fikir mübadiləsi də lazımdır. Bunları nəzərə alaraq sizinlə görüşə gəlmişəm və istərdim ki, əvvəlcə sizi dinləyim, fikirlərinizi öyrənim. Hərçənd fikirlərinizin bir çoxu məlumdur, onlar bizim məsul şəxslər tərəfindən mənə çatdırılıb.
...Mən müəllimlərlə görüşməyimdən çox məmnun olduğumu bildirmək istəyirəm. Hər bir cəmiyyətdə savadlı şəxs müəllimə hörmət etməli, cəmiyyətin həyatında müəllimin oynadığı rolu daim qiymətləndirməlidir. Mən müəllimlərə böyük hörmət və ehtiramımı həyatımda dəfələrlə bildirmişəm. Orta məktəbdə mənə dərs deyən, uşaq vaxtlarımdan, gənclik çağlarımdan məni tərbiyə edən müəllimləri heç vaxt unutmamışam, həmişə onlara minnətdarlığımı bildirmişəm. Mən bunu həm cəmiyyətdə müəllimlərə hörməti daha da artırmaq üçün, həm də böyük bir həyat yolu keçmiş insan kimi, müəllimin cəmiyyətdə nə qədər mühüm rol oynadığını qeyd etmək üçün deyirəm. Əgər müəllim olmasa, heç birimiz cəmiyyətdə indi tutduğumuz yeri tuta bilməzdik və bugünkü kimi fəaliyyət göstərə bilməzdik. Orta məktəbdə mənə dərs demiş müəllimləri bu gün də xatırlayıram. 1990-cı ildə həyat, tale başıma bir çox bəlalar gətirdiyinə görə mən doğulduğum, gənclik çağlarını keçirdiyim Naxçıvan şəhərinə getməyə məcbur oldum. Oraya gəldikdə Naxçıvan Muxtar Respublikasının bütün əhalisi məni çox hərarətlə, hörmətlə qarşıladı. Mən elə ilk günlərdən müəllimlərimi axtarmağa başladım, onların harada olması ilə maraqlanır, onları soruşurdum. Düzdür, aradan çox vaxt keçmişdi.
Mən Naxçıvanda orta məktəbi 1939-cu ildə bitirmişəm. Gördüyünüz kimi, nə qədər vaxt keçib. Çox sevinirdim ki, mənə dərs deyən müəllimlərin bir qismi hələ yaşayır, dünyasını dəyişməyibdir. O dövrdə orada mənim çox görüşlərim oldu. Lakin mənim üçün ən əhəmiyyətli, ən dəyərli görüşlər müəllimlərlə, mənə dərs deyən adamlarla olan görüşlərim idi.
Şübhəsiz ki, illər keçir, zaman gündən-günə dəyişir. Dünyada heç kəs daimi deyildir. Ancaq mən dünyasını dəyişmiş olan müəllimlərimi də ehtiramla yad edirəm, bu gün yaşayanları da çox böyük hörmətlə xatırlayıram. O vaxtlar, yəni 1990-cı ildə çox böyük təzyiq altında idim. Vaxtilə mənimlə çiyin-çiyinə işləmiş adamlardan bir çoxu da mənimlə görüşməkdən çəkinirdi. Lakin sevib hörmət bəslədiyim müəllimlər mənə olan ehtiramlarını saxlamışdılar. Odur ki, gəlib mənimlə görüşürdülər, biz saatlarla söhbət edirdik. Hətta xatirimdədir ki, Bakıda yaşayan, mənim çox istədiyim, mənə yaxşı dərs demiş müəllimlərdən biri – Tofiq Bəktaşi, o vaxtlar səhhəti o qədər yaxşı olmasa da, məhz mənimlə görüşmək üçün Naxçıvana gəldi. Mən onun gəlişinə çox sevindim. Bir müddət bundan əvvəl o da dünyasını dəyişdi. Tofiq müəllimin mənimlə görüşə gəlməsi faktı nəyi göstərir? Bu fakt həm tələbənin müəllimə, həm də müəllimin dərs dediyi adamlara bağlılığına dəlalətdir. Mən bunu öz həyatımda, təcrübəmdə görmüşəm.
Bu gün mən burada Sona xanımı görəndə çox sevindim. Mən 1969-cu ildə Azərbaycana rəhbərliyə başladığım vaxtdan biz Sona xanımla maarif işində daim əməkdaşlıq etmişik. O, Azərbaycanın ən nümunəvi məktəblərindən olan 190 nömrəli məktəbin direktoru idi, mən isə respublikanın rəhbəri idim. Müəllimlərlə daim təmasda olurdum. Müəllimlərin qurultaylarında, toplantılarında iştirak edirdim. Sona xanım da qabaqcıl bir müəllim kimi, hörmətli, təcrübəli müəllim kimi, məktəb direktoru kimi həmişə bizim toplantılarda olurdu, dövlət tədbirlərində iştirak edirdi. Onun dəfələrlə dövlətin ən yüksək ordenləri ilə təltif edildiyi xatirimdədir. Fəxr edirdim ki, Sona xanım kimi müəllim var. Mən burada yenidən işə başlayanda da Sona xanımı soruşdum. Dedilər ki, öz işini davam etdirir. Lakin bu gün Sona xanımı burada görəndə daha çox sevindim. Ona görə sevindim ki, Sona xanım öz işindədir, məktəbi indi ağır vəziyyətdə olsa da, fəaliyyətini davam etdirir. Sona xanımın rəhbərliyi altında minlərlə adam təhsil və tərbiyə alıb, hazırda onlar ölkəmizdə və onun hüdudlarından kənarda müxtəlif sahələrdə işləyirlər. Bunların hamısı müəllimin xidmətidir. Mən Sona xanımın xidmətindən danışarkən ümumiyyətlə, müəllimin xidmətini nəzərdə tuturam.
Bilirsiniz ki, 1982-ci ilin sonundan Moskvada işləyirdim, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Sov. İKP MK Siyasi Bürosunun üzvü idim. O vaxtlar mən təhsil sahəsinə – həm Maarif Nazirliyinə, həm də Ali və Orta İxtisas Təhsili Nazirliyinə rəhbərlik edirdim. Ona görə də bu məsələ ilə çox yaxından məşğul olurdum. O zaman Sovet İttifaqında, bir dövlətin tərkibində idik. Biz tariximizi heç vaxt unutmamalıyıq və tariximizə də heç vaxt xor baxmamalıyıq. Tarix tarixdir, həyat isə həyatdır. Sona xanım həyatını Azərbaycanın təhsilinə həsr edib və Azərbaycan məktəbinə xidmət edibdir. Fərqi yoxdur ki, bu, Sovet İttifaqında olubdur, yoxsa indi müstəqil Azərbaycan dövlətində baş verir. Müəllim müəllim olaraq qalır. O vaxtlar da Sovet İttifaqında məktəb işinə çox fikir verilirdi. Biz 1983-cü ildən başlayaraq məktəb islahatı hazırladıq. Bu, o zaman işləyən müəllimlərin yadındadır. Mən bütün Sovet İttifaqı üzrə məktəb islahatımı hazırlayan komissiyanın sədri idim.
Sovet İttifaqının bütün respublikalarının ən tanınmış müəllimləri, alimləri, elmi-tədqiqat pedaqogika institutlarının nümayəndələri ilə, akademiklərlə dəfələrlə görüşüb məsləhətləşirdim. İstəyirdim ki, islahatı elə keçirək ki, məktəb daha yaxşı təhsil versin. Bu gün çox böyük iftixar hissi ilə deyə bilərəm ki, o vaxtlar Sovet İttifaqı kimi böyük bir dövlətin maarif, təhsil sahəsində islahatlarının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik edirdim. Mən həmin islahat haqqında, qəbul olunmuş qərarlar barədə Ali Sovetin sessiyasında məruzə etmişdim. Bunlar bizim o dövrdə işləyən müəllimlərin xatirindədir. Demək istəyirəm ki, məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam. İndi burada bir məktəb direktoru xatırlatdı ki, 1971-ci ildə mən onların məktəbinin açılışında iştirak etmişəm. Belə hallar bir deyil, on deyil, yьzlərlədir. Özü də təkcə Azərbaycanda yox. Moskvada işlədiyim dövrdə başqa respublikaların – indi müstəqil dövlətlər olan ölkələrin ərazisində, Rusiya ərazisində bu işlərlə məşğul olmuşam.
Ona görə də məktəb işi, müəllimlik sənəti mənim üçün ən doğma işdir. Müəllimlik sənətini, müəllimin işini, zəhmətini həmişə yüksək qiymətləndirmişəm.
Hesab edirəm ki, cəmiyyət haradan olursaolsun, nədən olursa- olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir. 25 il bundan öncə Azərbaycana rəhbər seçiləndə də bu mövqedə olmuşam, indi müstəqil Azərbaycanın dövlət başçısı kimi də bu mövqedəyəm. Mən həyatımın bütün mərhələlərində məhz belə mövqedə durmuşam. Mən sizinlə söhbəti də bu mövqedən aparıram. Öz mövqeyimə sadiq qalaraq bu gün sizi görüşə dəvət etmişəm. Sizin dərd-sərinizi, vəziyyətinizi öyrənmək istəyirəm.
Burada çıxış edənlər də dedilər, mən də bir daha qeyd etmək istəyirəm ki, indi Azərbaycanın sosial- iqtisadi vəziyyəti həddindən artıq ağırdır, gərgindir. Özü də tək Azərbaycanın yox, bütün keçmiş sovet respublikalarının, indi müstəqil dövlətlər olan ölkələrin də sosial-iqtisadi vəziyyəti çox ağır, çox gərgindir. Şübhəsiz ki, müəyyən fərqlər var. Birində, ola bilər, bir az yaxşıdır, digərində pisdir. Məsələn, demək olmaz ki, biz hamısından pis vəziyyətdəyik. Yaxud da vəziyyətimiz hamısından yaxşıdır. Yox, belə deyildir. Mən iki-üç gün bundan qabaq, fevralın 9-da Almatıya getmişdim. Ayın 9-10-da orada oldum. Almatıda MDB-nin dövlət başçılarının görüşü keçirilirdi. Orada mən söhbətlər zamanı bu məsələlərlə də maraqlanırdım. Almatıda nəşr olunan qəzetlərin birində Qazaxıstan prezidenti Nursultan Nazarbayevin çıxışını oxudum. O, bu fikirlərini sonra mənimlə görüşəndə də dedi. Müəllimlərin məvacibi az, iqtisadi vəziyyəti çətindir. Bu, qəzetdə prezidentin çıxışında yazılıb. Qazaxıstan kimi bir ölkədə müəllimlər üç aydır ki, maaş almırlar. Sonra mən onunla təkbətək söhbət edərkən bir çox məsələlərlə yanaşı, bu məsələni də soruşdum. Dedi ki, axtarıram, görüm haradan vəsait tapa biləcəyəm. Halbuki onların imkanları böyükdür. Qazaxıstan böyük bir respublikadır, çoxlu neft çıxarır, təbii qazı var, qızıl, gümüş, mis, daş kömür istehsal edir. Müharibə aparmır, işğal edilmiş torpaqları, qaçqınları yoxdur. Sözümün canı budur ki, iqtisadi imkanları bizimkinə nisbətən həddindən artıq çoxdur. Amma buna baxmayaraq, Qazaxıstan prezidenti deyir ki, böyük çətinliklər içərisindəyik, müəllimlərin məvacibini artırmaq üçün vəsait axtarıram. Çünki onların vəziyyəti çox ağırdır. Dedim qəzetdə oxudum ki, müəllimləriniz üç aydır məvacib almırlar. Dedi ki, bəli, bu da həqiqətdir.
Əlbəttə, bunu mən özümə təskinlik saymıram. Ümumiyyətlə, əgər 70-ci illəri xatırlasanız, deməliyəm ki, respublika həmin respublikadır, müəllimlər həmin müəllimlərdir, məktəblər də həmin məktəblərdir. İndi tale elə gətirib ki, respublikaya o vaxt rəhbərlik edən də, bu gün rəhbərlik edən də Heydər Əliyevdir. O vaxta nisbətən Heydər Əliyev də çox mərhələlərdən, çox çətinliklərdən keçibdir. Elə təcrübəsi də qat-qat artıbdır. İndi necə olur ki, məsələn, 70-ci illərdə müəllimlərin bu cür problemləri yox idi, məvaciblərini də alırdılar. Ləvazimat da vardı, dəftər-qələm də, dərslik də, nə bilim, mebel də vardı. Məktəblərdə yemək də verilirdi, uşaq bağçaları da yaxşı idi. Amma indi bunlar yoxdur. Sizin də əksəriyyətiniz həmin adamlardır. Azərbaycan da həmin Azərbaycandır, rəhbəriniz də həmin Heydər Əliyevdir. Deməli, bunun başqa səbəbi var. Səbəb də bax, bu son altı-yeddi ildə gedən proseslərlə bağlıdır. Bu proseslər keçmiş Sovet İttifaqının hər yerinə, o cümlədən də Azərbaycana öz təsirini göstəribdir. Ona görə də biz bu məsələlərdən çıxış yolu axtarmalıyıq. Şübhəsiz ki, müəllimlərin maddi vəziyyətini yaxşılaşdırmaq lazımdır. Buna söz ola bilməz. Tələbələrə yardım etmək gərəkdir. Buna da söz ola bilməz. Amma bunu necə edək, hansı mənbədən edək? Məsələ bax belədir! İndi bizim də, başqa respublikaların da iqtisadi-sosial problemləri eynidir. Axı biz bir iqtisadiyyat formasından başqa iqtisadiyyat formasına keçirik. Məsələn, elə təhsil sistemini götürün. Burada çıxış edənlər deyirlər ki, dərslik tapa bilmirlər, müəllim o kitabxanaya, bu kitabxanaya gedib dərsə hazırlaşır. Təbiidir ki, o, dərsə hazırlaşmalıdır. Çünki o vaxtkı dərsliklərin bir çoxu indi yaramır. Əlbəttə, riyaziyyatda, fizikada, yaxud kimyada elə bir dəyişiklik yoxdur. Elədir, ya yox? Amma tarixdə dəyişiklik var. Ona görə də o vaxtkı tarix dərsliyi ilə indiki tarix dərsliyi bir deyil. Ədəbiyyatda da dəyişiklik var. Yəni ictimai fənlərdə böyük dəyişikliklər var. O vaxtlar riyaziyyat, fizika, yaxud kimya fənlərinin dərslikləri hər il hazırlanırdı, gətirilib məktəblərə verilirdi. İndi isə bu imkan yoxdur. Ona görə dərslik də çatışmır. Bəzi fənlərdən isə dərsliklər tamamilə yoxdur. Bütün bunlar keçid dövrünün bəlalarıdır, çətinliyidir. Əgər siz bunu təhsildə hiss edirsinizsə, bir görün keçid dövrünün iqtisadiyyatında nə qədər böyük bəlalar var. Biz indi bir iqtisadi sistemdən başqa iqtisadi sistemə keçirik. Azərbaycanın iqtisadi potensialı on illər ərzində yaranmışdır. Bu potensial həm də sizin xatırladığınız 70-ci illərdə, yəni mənim burada işlədiyim dövrdə Azərbaycan xalqının fədakar əməyi nəticəsində yaradılmışdır. Apardığımız düzgün iqtisadi siyasət nəticəsində o zaman respublikamızda nəhəng zavod və fabriklər tikildi, kənd təsərrüfatı inkişaf etdi. Azərbaycanın iqtisadiyyatı yüksək səviyyəyə çatdı. İndi Bakıda, Sumqayıtda olan zavodları, fabrikləri işlədə bilsək, bizə başqa bir şey lazım deyildir. Onlar Azərbaycanı yüksək səviyyədə saxlayar.
Bilməlisiniz ki, keçmişdə Sovet İttifaqında on beş respublikadan ancaq ikisi dövlət büdcəsindən dotasiya almırdı. Bunlar Rusiya və Azərbaycan idi. Başqa respublikalar öz iqtisadiyyatını saxlamaq üçün dövlət büdcəsindən dotasiya alırdılar. Rusiya ilə Azərbaycan isə özlərini dolandıra bilirdi. Bəli, Azərbaycanın iqtisadi potensialı güclü idi. Bunu iqtisadçılar bilirdilər. Moskvada da bilirdilər, bizə hücum edən bədxah qonşular da bilirdilər. Hamı bilirdi ki, əgər Azərbaycan müstəqil olsa və öz imkanlarından müstəqil surətdə istifadə edə bilsə ona heç bir respublika çata bilməyəcəkdir. Amma Sumqayıtdan bir nəfər burada çıxış edib dedi ki, zavodlarda fəhlələri məcburi məzuniyyətə buraxırlar. Nə üçün? Axı orada böyük kimya, metallurgiya, tikinti kompleksləri, yüngül sənaye, maşınqayırma müəssisələri var. Elə təkcə Sumqayıtda bunlar işləyə bilsəydi, indi nəinki Sumqayıtın, heç bütün Azərbaycanın da dərdi olmazdı. Amma eyni zamanda adamlarımız da respublikanın düşdüyü vəziyyəti dərk etməlidirlər. Burada müəllimlərdən biri çıxış edib dedi ki, çoxdan aldığımız paltarı geyinirik, biri də dedi ki, müəllimlər yamaqlı şalvar geyiblər. Bunlar həqiqətdir. Burada olan yaşlı adamlar yəqin ki, 1941-45-ci illər müharibəsini xatırlayırlar. Məsələn, ola bilsin, Sona xanımın yadındadır. Elə mən özüm də xatırlayıram. Biz o müharibə dövründə yaşamış, o müharibəni görüb keçmiş adamlarıq. 1941-45-ci illər müharibəsində yamaqlı paltar, yamaqlı şalvar da tapmaq çətin idi, mənim xatirimdədir, Naxçıvanda adamlar ayaqqabı tapa bilmir, çarıq geyirdilər. Özü də təkcə müharibə dövründə yox. Bilirsinizmi, mən heç nəyi gizlətmirəm. Həyatımda olan hər bir şeylə fəxr edirəm. Mən orta məktəbə gedəndə həmişə yamaqlı paltarla getmişəm. Yamaqsız paltarım olmayıb. Anam gecələr lampa işığında corablarımı yamayırdı. Məni bağışlayın, bir yamaq vururdu cırılırdı, sonra birini də vururdu. Belə vəziyyətdə idik. Həm də tək mən yox, bu nəslin hamısı belə böyüyübdür. Biz o müharibənin çətinliklərini gördük, yaşadıq. O günləri indi ilə heç müqayisə etmək olarmı? O vaxt insanlar acından ölürdülər, nə paltarı vardı, nə də yemək-içməyi. Bəli, o vaxtlar da müəllimlər çox ağır vəziyyətdə idilər. Mən də gənc idim, ağır vəziyyətdə idim. Amma görürdüm ki, mənə dərs deyən müəllim gedib bazarda nəsə xırda bir şey satır. Bunu görəndə ürəyim ağrıyırdı. Əslində mən özüm ondan da pis vəziyyətdə idim. İndi yamaqlı paltar bəzilərinə qəribə görünür, amma 20-ci, 30-cu, 40-cı illəri görmüş adamlar məhz yamağın içində yaşayıblar. Bununla heç də demək istəmirəm ki, o vaxt yaxşı idi. Xeyr, belə demək istəmirəm. Demək istədiyim budur ki, insanın iradəsi bütün bu çətinliklərə üstün gəlir, yenə də deyirəm, biz tədbirlər görürük, amma adamlarımız da dözməlidirlər. Zaqafqaziya regionunda bizdən savayı respublikalar, mən onların adlarını çəkmək istəmirəm – var ki, orada camaat bizdəkindən on qat pis vəziyyətdə yaşayır. Ancaq dözür.
...Biz Təhsil Fondu yaratmalıyıq. Fikirləşməliyik ki, bu fonda haradan vəsait toplayaq və vəsaiti nəyə sərf edək? Çıxış edənlərdən kimsə dedi ki, kommersiya strukturlarının gəlirindən 0,1 faiz ayrılıb məktəb üçün yönəldilsin. Ola bilsin ki, bu təklifdə də müəyyən bir əsas var. Amma məsələ tək bundan ibarət deyildir. Təhsil Fonduna müxtəlif mənbələrdən vəsait yönəltmək olar. Təhsilimizin problemlərini, çətinliklərini aradan qaldırmaq üçün dövlət büdcəsinin vəsaiti ilə yanaşı, Təhsil Fondunun vəsaitindən də istifadə etmək olar.
…Mənim bütün fəaliyyətim yalnız və yalnız Azərbaycan xalqını bu ağır vəziyyətdən çıxarmağa həsr olunmuşdur və bundan sonra da buna həsr ediləcəkdir. Həyatda mənim məqsədim, amalım ancaq bundan ibarətdir və bu sahədə bütün cəmiyyətimizin, bütün xalqın həmrəy olmasını arzuladığımı bir daha bildirirəm və xalqımızı, cəmiyyətimizi bu həmrəyliyə dəvət edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, bu sahədəki fəaliyyətimdə müəllimlərə, təhsil sahəsinin bütün işçilərinə bel bağlaya bilərəm, onlar dövlətçiliyimizin dayağı olacaqlar.